Bakıda həkimlər “göy uşağı” uğurla əməliyyat edib (FOTO)


Digərləri 11 İyn 2019 09:15:00 189 0

Bakıda həkimlər “göy uşağı” uğurla əməliyyat edib (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan körpə sağlamlığına qovuşub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan körpə sağlamlığına qovuşub. Universitetdən Trend-ə verilən məlumata görə, klinikanın uşaq ürək cərrahı Ramal Həsənov “Fallo tetradası”ndan əziyyət çəkən 9 aylıq körpəni uğurla əməliyyat edib. Cərrah “Fallo tetradası”nın 4 fərqli ürək anomaliyasının birlikdə olması nəticəsində meydana çıxan mürəkkəb ürək qüsuru olduğunu söyləyib. Onun sözlərinə görə, bu ürək qüsuru uşaqlarda ya doğulan kimi, ya da 1 yaşına qədərki müddətdə özünü büruzə verir. Bu zaman dəri və selikli qişalarda göyərmələr müşahidə olunur. Bəzən belə "göy uşaqların" inkişafı normal səviyyəyə yaxın olur. Lakin əksər hallarda belə körpələr inkişafdan geri qalır. Çox vaxt bu uşaqlarda qəfildən ciddi göyərmə tutmaları olur. Bu zaman xəstələr huşunu itirə bilər. “Fallo tetradası”ndan əziyyət çəkən daha böyük uşaqlarda hərəkət zamanı təngnəfəslik və huşunu itirməsi müşahidə olunur. Çünki xəstədə çirkli qanın hamısı ağciyərlərə gedib çatmır. Müalicə yalnız əməliyyatla mümkündür. Əməliyyatın icrası üçün uşaqda ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etməlidir.