34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb


Digərləri 10 İyn 2019 18:28:00 220 0

34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb

Vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir

Bakı. 2018-ci ildən bəri 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik vergi sistemində şəffaflığın təmin olunması, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması istiqamətində tədbirləri davam etdirir. Bir müddət əvvəl Vergilər Nazirliyi Baş Prokurorluqla birlikdə bir sıra ərazi vergilər idarələrinin fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair məlumat yayaraq, bu pozuntulara yol vermiş vergi əməkdaşları barədə cinayət işinin açıldığını bildirmişdi. Məlumata görə, nazirliyin daxili strukturlarında aparılan yoxlamalar zamanı ayrı-ayrı vergi əməkdaşlarının dövlət büdcəsinə çatmalı olan məbləğləri mənimsədiklərinə dair faktlar müəyyən edilmişdi. Aparılan yoxlamaların məqsədi yerli maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarına dair ödəniş sənədlərinin düzgün işlənib-işlənməməsini araşdırmaq olub. Araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib. Vergilər Nazirliyi mənimsəməyə yol vermiş əməkdaşların vergi xidmətində fəaliyyətinə xitam verib, eyni zamanda aşkar olunmuş faktları toplayaraq, hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib. Qeyd olunmalıdır ki, bu, vergi orqanlarının hüquq-mühafizə orqanlarına təqdim etdiyi ilk hal deyil. Təkcə 2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib.