"Bakı cəhənnəmi xatirimdədir" - Slovakiya yığmasının məşqçisi


İdman 10 İyn 2019 17:43:00 282 0

"Bakı cəhənnəmi xatirimdədir" - Slovakiya yığmasının məşqçisi

"2001-ci ildə Azərbaycanla qarşılaşdığımız zaman da Bakıda hava çox isti idi".

Goal.az xəbər verir ki, bu sözlər Slovakiya yığmasının məşqçisi Miroslav Köniqə məxsusdur.

2001-ci ilin iyun ayında Slovakiya millisi DÇ-2002-nin seçmə mərhələsində Bakıda Azərbaycanla qarşılaşmış və 0:2 hesablı məğlubiyyətə düçar olmuşdu.

Həmin vaxt yığmanın qapıçısı olan Köniq yerli mətbuata açıqlamasında o oyunu xatırlayıb: "10 gün ərzində 3 oyun keçirmişdik. Almaniya ilə yoldaşlıq görüşü və Stokholmla Bakıda rəsmi oyun. Hər üç qarşılaşmada 0:2 hesabı ilə məğlub olmuşduq. Uzun, yorucu səfərlər olmuşdu. Üstəlik, fərqli iqlimlərdə oynadıq. Soyuq Stokholm və isti Bakı cəhənnəmini hələ də xatırlayıram. Nələr yaşadığımızı anlaya bilmirdik. Azərbaycanla oyunda bir səhv etdik və baha başa gəldi. Məğlubiyyətə çox üzülmüşdük. Çünki bundan sonra qrupdakı vəziyyətimiz qəlizləşdi və dünya çempionatına yollanmaq şansını itirdik. Pis oynamamışdıq, sadəcə hər kəs indi hesaba baxır. 3-4 yüz faizlik qol şansımız olmuşdu. Bəxtimiz gətirməmişdi".

Hazırda Slovakiya yığmasının məşqçilər korpusunda yer alan 47 yaşlı mütəxəssis Azərbaycan üzərində qələbənin sirrini də açıqlayıb: "O vaxtkı oyunun üzərindən 18 il vaxt keçib. Bu müddətdə Azərbaycan futbolu mütləq inkişaf edib. Belə rəqiblərə qarşı 2 amilə önəm vermək lazımdı: səbr və səmərəliliyə. Hətta 90-cı dəqiqədə belə, ələ düşən qol imkanından yararlanmalısan. Çətin oyun olacaq. İndi qələbə asan qazanılmır".

Köniq havanın isti olmasına önəm vermədiklərini bildirib: "Hava şəraitindən şikayətlənməyin mənası yoxdu. Macarıstana diqqət yetirin. Onlar yağışlı havada Azərbaycanı məğlub etməyi bacardılar. Biz də bunu etməliyik. Hava şəraitinə uyğunlaşmaq üçün bir günümüz var".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək. (matc.az)