Dondurmanın yenidən dondurulması zəhərlənmə təhlükəsini artırır


Digərləri 10 İyn 2019 16:47:06 193 0

Dondurmanın yenidən dondurulması zəhərlənmə təhlükəsini artırır

Dondurma alarkən nələrə diqqət etmək lazımdır?

Bakı. Qarşıda bizi isti günlər gözləyir və təbii olaraq dondurma kimi məhsullara tələbat artır. Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır? Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, öncə dondurmanın hermetikliyinin pozulmamasına, etiketinə, tərkibindəki inqridiyentlərə, məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidir. Dondurmanın satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edilməsinə diqqət yetirmək də vacibdir. Rəngli dondurmalara da xüsusi diqqət yetirilməlidir. Məsələn, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir. Hermetik qablaşdırılmamış dondurma satan şəxsin gigiyena qaydalarına riayət etməsinə, iş sahəsində təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsinə diqqət verilməlidir. Dondurmanın qabı əzilmişsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır.