Daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq


Digərləri 10 İyn 2019 15:44:00 185 0

Daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq

Nəticədə 58 rayonda belə mərkəzlər fəaliyyət göstərəcək

Bakı. Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı ilə daha daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, mərkəzlər nazirliyin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil ediləcək. Həmin mərkəzlərdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək. Uşaqların bacarıqlarının artırılması üçün işlər aparılacaq, maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılacaq. Onların vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər təşkil olunacaq.