Apelyasiya Komissiyası 170 şagirdin qiymətində dəyişiklik edib


Digərləri 10 İyn 2019 15:13:00 174 0

Apelyasiya Komissiyası 170 şagirdin qiymətində dəyişiklik edib

Apelyasiya Komissiyasının məlumatı açıqlanıb.

Bakı. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 2019-cu il martın 3, 10, 17 və 31-də keçirilmiş imtahanlarda 117 mindən çox şagird (abituriyent) iştirak etmiş və şagirdlərin ümumilikdə 3042000-dən çox tapşırıq üzrə yazı işi olmuşdur. Ümumi yazı işlərinin sayı 3042000 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6084000-dən çox yoxlama işi həyata keçirilmişdir. İmtahanların nəticələri aprel ayı ərzində elan olunmuş və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olmuşdur. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən ay yarım müddət ərzində 3 martda keçirilən imtahanda iştirak etmiş 37341 nəfərdən 16435 nəfər, 10 martda keçirilən imtahanda iştirak etmiş 39533 nəfərdən 7800 nəfər, 17 martda keçirilən imtahanda iştirak etmiş 32948 nəfərdən 6878 nəfər, 31 martda keçirilmiş imtahanda iştirak etmiş 7759 nəfərdən isə cəmi 848 nəfər öz cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxmışdır.