Cahangir Hacıyevin məhkəməsində dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib


Digərləri 10 İyn 2019 14:54:00 154 0

Cahangir Hacıyevin məhkəməsində dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib

Cahangir Hacıyevin məhkəməsində dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, o, vəsatətində "Aqrokredit"ə transfer edilmiş layihələrin mövcud vəziyyəti, texniki, iqtisadi göstəriciləri, avadanlıqların həcmi, dəyəri kimi məlumatların alınmasını istəyib və işin bütün hallarının araşdırılmasının zəruriliyini qeyd edib. Digər vəsatət isə təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi barədə olub. Vəkil Aqil Layıcov bildirib ki, ekspert rəylərində təsviri hissə ilə yekun rəy arasında ziddiyyətlər var: "Təsviri hissədə kredit vəsaitinin hansı layihələrə köçürüldüyü göstərilir, nəticə hissəsində isə vəsaitin leqallaşdırıldığı qənaətinə gəlinir. Bu, ölkə xaricində kreditləşdirilən müəssisələrin istintaq tərəfindən yoxlanılmaması və qiymətləndirilməməsi ilə bağlıdır. Bu səbəbdən də həmin sənədlər ekspertə təqdim olunmayıb". Vəkillər 4 milyard 130 milyard manatlıq mülki iddianın rədd edilməsi barədə də vəsatət qaldırıb: "Aqrarkredit" Cahangir Hacıyev də daxil olmaqla 23 nəfərdən bu məbləğin tutulmasını istəyir. Həmin vəsaitlər Beynəxalq Bank tərəfindən ölkə daxilində və xaricindəki layihələrə ayrılıb. 2015-ci ildə isə layihələrə nəzarət "Aqrarkredit"ə verilib. Mülki iddia verilərkən 4 il əvvəlki vəziyyət nəzərdə tutulub. Layihələrdən gələn gəlirlər nəzərə alınmayıb. Həmçinin xarici ölkələrdəki layihələrə ayrılmış vəsaitlər də qiymətləndirilməyib. Buna görə də mülki iddia rədd edilməlidir". Vəkillərin son vəsatəti Vergilər Nazirliyi tərəfindən Cahangir Hacıyevə qarşı qaldırılmış mülki iddianın rədd edilməsi barədə olub. Onlar qeyd ediblər ki, Vergilər Nazirliyi C.Hacıyevə qarşı qaldırdığı 1.7 milyondan artıq mülki iddianı bundan əvvəl də təqsirləndirilən şəxs olan Dünyamin Xəlilova qarşı irəli sürüb: "Dünyamin Xəlilov barəsində məhkəmə hökm çıxarıb və mülki iddia təmin edilib. Qanuni qüvvəsinə minmiş hökmdə əksini tapmış iddianın yenidən Cahangir Hacıyevə qarşı qaldırılması yolverilməzdir".