Azərbaycan və ABŞ arasında əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)


Digərləri 10 İyn 2019 12:37:00 174 0

Azərbaycan və ABŞ arasında əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Azərbaycan və ABŞ arasında əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin müdiri, iqtisadi məsələlər üzrə müşavir cənab Castin Berqi qəbul edib. Agentlikdən Trend-ə verilən məlumata görə, amerikalı diplomatı salamlayan K.İmanov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatların uğurla reallaşması, o cümlədən əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar barədə məlumat verib, Dünya Bankının "Doing Business - 2019" hesabatında Azərbaycanın 10 ən islahatçı dövlətlər sırasında olduğunu və Dünya İqtisadi Forumunun Hesabatına görə ölkəmizin əqli mülkiyyətin qorunması indeksi üzrə dünya üzrə 36-cı yerdə, MDB məkanında isə birinci yerdə olduğunu bildirib. O, əqli mülkiyyətin təyinatının ivestisiyaları cəlb etmək və innovasiyaların həyata keçirilməsi olmasını vurğulayaraq, Agentliyin qarşısında duran əsas məsələnin ölkədə aparılan iqtisadi islahatlara yardımçı olmaqdan ibarət olduğunu qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində bir çox uğurların əldə edildiyini, o cümlədən ölkəmizin əqli mülkiyyət sahəsinə aid 10 qanununun qəbul olunduğunu, bu sahədə əksər beynəlxalq konvensiyalarda iştirak etdiyini, əqli mülkiyyət sahəsinin prioritet istiqamət kimi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına daxil edilldiyini diqqətə çatdırıb. Agentliyin rəhbəri Azərbaycanın MDB məkanında yeganə ölkə kimi ABŞ nümunəsi əsasında müəllif-hüquq obyektlərini qeydiyyatının aparıldığını, bunun hüquqların təminatı prosesində əlavə imkanlar yaratdığını və qeydiyyatdan keçən əsərlər üçün müəlliflik prezumpsiyası kimi çıxış etdiyini bildirib. Ölkəmizdə müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin ÜDM-dəki payı, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və ABŞ şirkətlərinin payı üzrə statistik məlumatları və digər ölkələrlə müqayisəli təthlili göstərən K.İmanov bu sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu vurğulayıb. Sədr bildirib ki, Əqli Mülkiyyət məsələləri Azərbaycan-ABŞ Hökümətlərarası Komissiyasının Bakıda keçirilmiş sonuncu 4-cü iclasının gündəliyində də yer almış və bu barədə iclas zamanı geniş müzakirələr aparılmışdır. Qəbul üçün təşəkkürünü bildirən C.Berq Azərbaycanda əqli mülkiyyət sahəsində müvafiq qanunvericiliyin olduğunu, hökumətin informasiya texnologiyalarının inkişafına diqqət yetirdiyini qeyd edib, əqli mülkiyyət hüquqlarının qorunması məsələlərinin Amerika Ticarət Palatası (AmCham) ilə müzakirə olunduğunu deyib. O, həmçinin hazırda bu məsələlərlə əlaqədar dövlət qurumları ilə müzakirələrin aparıldığını qeyd edib, eyni zamanda Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı məsələləri, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyəti və aparılan məhkəmə işləri ilə maraqlanıb. K.İmanov əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericiliyin tam formalaşdığını, əqli mülkiyyətin qorunma səviyyəsinin ilk növbədə hüquqların təminatı və qanunlara riayət olunması, müəlliflik hüququ üzrə piratçılığın miqyası, kreativ industriyanın trendi və səviyyəsi (ÜDM-də payı), sənaye mülkiyyəti üzrə isə ixtira və patent aktivliyi, qəbul olunmuş beynəlxalq göstəricilər və kontrakt pozuntularına qarşı tədbirlərin səmərəliliyi, o cümlədən şəffaflıq, asanlıq və yeni rəqəmli servislərdə istifadə vasitəsilə xidmət vaxtının azalması ilə ölçüldüyünü nəzərə çatdırıb. Əqli mülkiyyət hüquqlarının qorunmasının əsas amillərindən biri kimi hüquqların təminatı məsələsinin olduğunu vurğulayan K.İmanov Agentliyin 960 nömrəli "Qaynar xətt”i və ictimai əsaslarla "Hüquq məsləhətxanası”nın fəaliyyət göstərdiyini, bundan əlavə vətəndaşların sosial şəbəkələrdəki səhifələr vasitəsilə də Agentliyə müraciət edə bildiklərini, keçən il ərzində əqli mülkiyyət məsələləri üzrə 1500-dən artıq müraciət və sorğuya baxıldığını, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərilməsini bildirib. O, əqli mülkiyyət, o cümlədən sənaye mülkiyyəti obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 21 iş üzrə 40-dan çox məhkəmə iclasında Agentliyin nümayəndələrinin iştirak etməsi, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlanması, maarifləndirmə tədbirlərinin keçirilməsi, 2019-cu ildə isə 26 iş üzrə (23 – sənaye mülkiyyəti, 3 – müəllif hüququ) müxtəlif məhkəmə instansiyalarında 60-dan çox məhkəmə iclaslarında Agentliyin hüquqşünaslarının iştirak etməsi və hər bir iş üzrə ekspert rəylərinin hazırlanması haqqında məlumat verib.