Peyğəmbəri xatırladan ayna Həzrət Əli Əkbər


Digərləri 09 İyn 2019 22:45:00 262 0

Peyğəmbəri xatırladan ayna  Həzrət Əli Əkbər

Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü hicri-qəməri ilinin Şəban ayının 11-ci günü dünyaya göz açmışdır. Onun atası şəhidlər sərvəri imam Hüseyn (ə), anası isə Əbu Mürrət ibn Ürvət ibn Məsud Səqəfinin qızı Leyladır və imam Hüseynin (ə) böyük oğludur. Bu haqqda imam Zeynəlabidindən (ə) belə nəql oluinur:

...كان لي اخ يقال له عليّ اكبر منّي قتله الناس

"Mənim, məndən böyuk Əli Əkbər adlı qardaşım var idi ki, bu insanlar onu qətlə yetirdi..."

Nəql olunur ki, bir gün həzrət Əli Əkbər (ə) atası imam Hüseyn (ə) tərəfindən Mədinənin valisinə bir peyğam çatdırmaq üçün məmur olunur. Həzrət Əli Əkbər (ə) peyğamı Mədinə valisinə çatdırdıqdan sonra, vali ondan "Adın nədir?" - deyə soruşduqda, cavab verir: "Əli." Vali soruşur: "Bəs qardaşının adı nədir?" Həzrət Əli Əkbər (ə) cavab verir: "Əli." Vali əsəbiləşir və deyir: ما یُریدُ اَبُوك؟ - "Atan nə istəyir ki, bütün oğullarının adını Əli qoyub?"

Son.az maide.az-a istinadən bildirir ki, Həzrət Əli Əkbər (ə) evə qayıtdıqdan sonra, bu hadisəni atası imam Hüseynə (ə) danışır. İmam Hüseyn (ə) buyurur: "And olsun Allaha, əgər Allah-Taala mənə on oğul versəydi, hamısının adını Əli və on qız versəydi, hamısının adını Fatimə qoyardım".

Həzrət Əli Əkbər (ə) gözəllik və şücaətdə, əxlaq və rəftarda, xarici görünüş və qamətdə, həmçinin danışıq tərzində əziz İslam Peyğəmbərini xatırlayırdı. İmam Hüseyn (ə) onun ruhi kamilliyini, görkəmini və simasını vəsf edərkən buyurur: "Əli Əkbər zahiri görkəmdə, əxlaqda, rəftarda, hərəkətlərində və danışığında Peyğəmbərə (s) oxşayırdı. Ailəmizin hər hansı bir üzvü Peyğəmbərin (s) simasını görməyi arzu etdikdə, onun gözəl simasına tamaşa edərdi. Yəni o, həm görünüşündə, həm də xasiyyətində Peyğəmbəri (s) xatırladan bir aynaya bənzəyirdi".

Həzrət Əli Əkbər (ə) Aşura macərasında fəal iştirak etmiş, hər zaman atası imam Hüseynin (ə) kənarında olmuş və düşmənlərlə son nəfəsinə qədər mübarizə aparmışdır. Tarixdə göstərilir ki, imam Hüseynin (ə) karvanı "Sələbə" məntəqəsində düşərgə salır və imam Hüseyn (ə) azacıq yuxuya gedir. Yuxudan ayıldıqdan sonra ətrafındakılara buyurur: "Yuxuda mənə deyildi ki, ölüm sizi tezliklə behiştə doğru aparacaq". Əli Əkbər (s) bu sözü eşitcək soruşur: "Atacan! Məgər biz haqqın tərəfində deyilikmi?" İmam Hüseyn (ə) buyurur: "Bəli! And olsun Allaha ki, biz haqqın tərəfindəyik!" Əli Əkbər (ə) deyir: "Bu zaman ölümdən qorxumuz yoxdur." İmam Hüseyn (ə) oğlu Əli Əkbərin (ə) bu ifadəsindən çox sevinir və buyurur: "Oğlum, Allah sənə xeyirli mükafat əta etsin!" ("Muntəhəl-amal", Şeyx Abbas Qummi, 1-ci cild, səh.375.)