Peyğəmbər körpəni qucağına alıb...


Digərləri 09 İyn 2019 20:45:00 234 0

Peyğəmbər körpəni qucağına alıb...

Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü. Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi.

Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına "azan", sol qulağına isə "iqamə" oxudu.

Son.az maide.az-a istinadən bildirir ki, İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: "Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr, yəni Hüseyn qoy!" Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi.

İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı.

Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: "Hüseyni qarşıda böyük müsibət gözləyir. Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar."

PEYĞƏMBƏRİN (S) HÜSEYNƏ (Ə) MƏHƏBBƏTİ

Peyğəmbərin (s) səhabəsi Salman Farsi bu barədə belə deyir: "Peyğəmbər (s) nəvəsi Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş etdiyini və belə buyurduğunu gördüm: "Sən imamsan, imam oğlu və imamlar atasısan. Sənin nəslindən doqquz imam gələcək ki, onların sonuncusu "vəd olunmuş Mehdidir."

Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: "Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib." ("İmamların ictimai-siyasi tarixi", imam Hüseynin (ə) həyatı.)