Unudulmaz qadın


Digərləri 09 İyn 2019 12:25:00 278 0

Unudulmaz qadın

Son.az bildirir ki, Modern.az aktrisa Zərnigar Ağakişiyeva haqda maraqlı yazı ilə çıxış edib. Yazını oxucularımıza təqdim edriik:

Bir vaxtlar hər gün geyinib-soyunduğu, yuyulan, ütülənən, geyinib-soyunmaqdan nimdaşlaşmış, amma əslində işlənməyən səhnə paltarlarını bir çemodana yığıb özü ilə daşıyırdı.  Hərdən çemodanı yerə qoyur, paltarları eşənəkləyib içindən gah Anna Kareninanın şlyapasını, gah da Dezdomonanın donunu götürüb geyinir, sonra hirslə qarmaqarışıq formada çemodana yığıb ağzını bağlayıb götürüb gedirdi. Hara? Özü də bilmirdi.  Küçədə kimsə onu tanıyır, ayaq saxlayıb arxasınca baxır, amma yəqin inana bilmirdilər ki, bir vaxtlar səhnələri lərzəyə gətirən cazibədar aktrisa indi belə səfil görkəmdə küçələrdə nə gəzir?! 

Bu, Afaq Məsudun əsrinin qəhrəmanıydı. Milli Dram Teatrında Mehriban Ələkbərzadə "Qatarın altına atılan qadın" adı altında səhnələşdirib. Fikrim tamaşadan deyil, az qala eynilə həmin tamaşanın qəhrəmanının həyatını yaşayan aktrisadan  danışmaqdır. Özü də bu taleyi yaşamaqdan yaman çox qorxan aktrisadan - Zərnigar Ağakişiyevadan. 

Həyatın bütün zərbələrinə sinə gərib, sənətdə öz sözünü artıqlaması ilə deyən, şəxsi həyatındakı uğursuzluqları uğruna belə almadan irəli getməyi, yaşamağı bacaran Xalq artisti, azad - tənha qadın Zərnigar Ağakişiyeva. 

Ona mütəmadı zəng eliyirdim, hər dəfə də deyirdi ki, bilirəm vaxtın yoxdur, amma mənə zəng eləməyi unutma: "Çox darıxıram, nə gələn var, nə zəng edən. Qaynar bir həyatdan sükuta, səssizliyə düşmüşəm, alışa bilmirəm. Yəqin zamanla alışacam, bəlkə də alışmayacam".

"Zərnigar xanım, evə qapılmayın, çıxın gəzin, yazdı, yaxşı hava var" söyləyirdim. 

Deyir ki, utanır: "Nə qədər küçələrdə gəzəcəksən, deyəcəklər havalanıb, nədir". 

Onu unudulmağa qoymamaq fikri ilə yaxın keçmişdə verdiyi müsahibəsindən bəzi epizodları vermək istərdim.  

"Baxışlardakı sevgidən ruhlanıram"

"Qubadan Bakıya Ticarət Texnikumuna qəbul olunmağa gəlmişdim. Burda fikrimi dəyişdim ki, rəssam olmaq istəyirəm. Sənədlərimi Rəssamlıq məktəbinə aparanda onları qəbul edən adam dedi ki, "neyniyirsən rəssam olmağı, qız üçün Tibb Texnikumu yaxşıdır". Mənə qəribə gəldi ki, bu niyə qaramat tökür işimə? Çıxdım atama dedim ki, "gedək, pis adamlar var burda". Sonra məsləhətləşdik ki, sənədlərimi verim incəsənətə. Atam, anam savadlı insanlar deyildi, amma çox incə qəlbli, uşağa heç nəyə məcbur etməyən, arzularının qarşısına sədd çəkməyən biriləriydi. "Ötən ilin son gecəsində" tamaşasında anamı oynamışam, daha doğrusu, oynamamışam, sadəcə anamın həyatını yaşamışam. Atam da uşaqkən necə ki məcbur etməzdi, mən böyüyəndən sonra eləcə də istəklərimlə hesablaşardı. Özləri elə tərbiyə etmişdilər, başqa cür ola bilməzdi. Valideynlərimə çox minnətdaram. İldə iki dəfə burdan maşın tutub Qubaya onların məzarlarını ziyarətə gedirəm. Yeganə övladlarıyam.  

...Bir qardaşım var, ana bir, ata ayrı, onunla da doğmalaşmadıq, həmişə yad olduq. Bayaq Tədris teatrından danışırdıq, dedim ki, İlham Rəhimli, İsrafil İsrafilov, Əlabbas Qədirovla Tədris teatrında işləyirdik. Həmin illər də iş stajıma daxildir. 40 ildir sənətdəyəm. İsmayıl Osmanlı, Tofiq Kazımov, Mehdi Məmmədovla bir yerdə işləmişəm. Çox nəhəng sənətkarlar görmüşəm. Niyə bunları deyirəm, çünki bu illər ərzində tamaşaçının məni qəbul etməsini, sevməsini hiss etmişəm. Özüm özümü qəbul etməsəm də, məni sənətə bağlayan tamaşaçı məhəbbəti olub. Şəkillərə baxıram, özümü tanıya bilmirəm, inana bilmirəm ki, o xarakterlər məndən keçib.   

...Mən ömür boyu özüm özümü qəbul edə bilməmişəm, özümdən xoşum gəlməyib. Hətta səsimdən zəhləm gedir. Xüsusən Rusiya aktyorlarından bu fikri çox eşitmişəm ki, onlar da özlərinə vurğun deyillər. Şəhəri piyada çox gəzirəm, zövq alıram Bakının gözəlliyindən, insanlardan. Kimlərsə yaxınlaşıb ürək sözlərini deyirlər. Onların gözlərindəki sevgini, parıltını görəndə çox ruhlanıram. Başa düşürəm ki, əməyim boşa getməyib".   

"13 il birgə yaşadığı adamdan ayrıldım"

"İlk dəfə səhnəyə gələndə məni bir aktrisaya dublyor verdilər, gözləri ilə məni parçalayırdı. Gözləri açıqca deyirdi ki, rədd ol burdan. Çıxıb getdim. İnstitutun rektoru o vaxt Rahim müəllim idi, dedi ki, "sən niyə baş teatrdan çıxıb getmisən, başqaları yalvarır ki, ora düşə bilsin". Cavab verdim ki, ora məni çəkmədi. 

Sonra təkrar qaytardılar və bu dəfə Leyla Bədirbəyliyə dublyor verdilər. Düşündüm ki, yenə eyni vəziyyəti yaşayacam. Məşqlər başlandı, Leyla xanım əsərin oxunuşunda məni çağırdı yanına. Məsləhətlər verdi, isti münasibət, səmimiyyət göstərdi. Tamaşa təhvil veriləndə Leyla xanım xaricə istirahətə getdi, baş rol mənim ifamda premyera oldu. Ostrovskinin əsəri idi, Səməndər Rzayev, İsmayıl Osmanlı kimi "ağır texnika" ilə bir səhnədə oynadım. Tamaşa, ilk rolum çox gözəl qəbul olundu...