Doğuşdan sonra qadının sağlamlığında dəyişikliklər


Digərləri 08 İyn 2019 21:45:00 274 0

Doğuşdan sonra qadının sağlamlığında dəyişikliklər

Doğuşdan sonra tez-tez qəbizlik əmələ gəlir. Əgər bağırsaqların normal işləməyə başlaması sizdən bir neçə gün tələb edərsə, bundan heç də məyus olmayın. Bu normal haldır.

Rasionunuza bişmiş çuğundur, alma, qara gavalı, kişmiş, əncir və ərik qurusu, kəpək çörəyi daxil edin.

Çoxlu maye için, duru qida bağırsaqların daha asan boşalmasına imkan yaradır. Hərəkətsizlik bağırsaq fəaliyyətinin azalmasına gətirib çıxarır, buna görə də imkan daxilində qısa gəzintilər edin və ya yataqda uzanarkən sadə idman hərəkətləri edin. Lazım olarsa, işlətmə dərmanları və ya rektal şamlardan istifadə etmək olar.

Bir çox hallarda doğuşdan sonra hemorroidal düyünlər əmələ gəlir (babasil). Bu zaman nəcis ifrazının müntəzəm olmasına diqqət yetirin, hər dəfə bayıra gedəndən sonra arxa dəliyi ilıq su ilə təmiz yuyun. Belə hallarda həkiminiz sizə xüsusi rektal şamlar da təyin edə bilər. Rasionunuza maqneziumla, S, K, P vitaminləri ilə zəngin olan qida məhsulları daxil edin.

Hərdən, xüsusilə də doğuş ağır keçdikdə, sidik ifrazında çətinliklər əmələ gəlir. Sidik kisəsinin müntəzəm boşaldılması uşaqlığın daha tez yığılmasına kömək edir. Buna görə də, çətin də olsa, doğuşdan 6-8 saat sonra sidik kisəsini boşaltmaq zəruridir. Sidik kisəsini fəallaşdırmaq üçün siz imkan daxilində yataqdan tez durmalı, bir qədər gəzişməlisiniz. Əgər siz metal ləyəndən istifadə edirsinizsə, xahiş edin ki, onu bir qədər qızdırsınlar. Ləyəndən uzanmış vəziyyətdə deyil, oturaq vəziyyətdə istifadə edin. Tələbat yarandıqda isə sidik kisəsini nazik rezin borucuqdan (kateter) istifadə etməklə boşaldırlar. Çox nadir hallarda sidiyi saxlaya bilməmək kimi vəziyyət müşahidə olunur. Bu zaman sidik qeyri-ixtiyari, hətta cüzi gücənmə zamanı ifraz olunur.

Ürək-qan damar sistemi tərəfindən tez-tez rast gəlinən fəsadlardan biri aşağı ətraf damarlarının tromboflebitidir. Tromboflebit damar daxilində trombun (qan laxtası) əmələ gəlməsi nəticəsində damar divarlarının iltihablaşmasıdır. Tromboz təhlükəsi ürək-qan damar sistemi xəstəlikləri, damarların varikoz genişlənməsi, piylənmə, hamiləliyin ikinci yarısının toksikozları zamanı daha da artır. Çox zaman tromboflebit sonrakı 2-ci və 3-cü günlərə təsadüf edir. Xəstəlik kəskin, ayaqda güclü ağrılarla, bədən hərarətinin 39-400C-yə qədər qalxması, titrəmə ilə başlayır. Bir gündən sonra ayaqda şişkinlik əmələ gəlir. Zədələnmiş ayaqda soyuqluq, qarışqa yeriməsi hissi yarana bilər.