Hər il 25 milyon baqaj: nə üçün aviaşirkətlər bizim əşyalarımızı itirirlər?


Digərləri 08 İyn 2019 20:56:00 174 0

Hər il 25 milyon baqaj: nə üçün aviaşirkətlər bizim əşyalarımızı itirirlər?

Aviaşirkətlər deyirlər ki, sərnişinlərin baqajlarının itməməsi üçün getdikcə daha səmərəli tədbirlər həyata keçirirlər. Bununla belə, hər il milyonlarla çanta və çamadan itməkdə davam edir.

"Baqaj karuselinin" yanında durub öz əşyalarınızı tapmadığınız çoxmu olub?

Milyonlarla insanın səyahəti belə başlayır, ya da belə bitir. Onlar həyəcan və qəzəblə aviaşirkətin məlumat masasına qaçıb öz əşyalarının taleyini öyrənməyə çalışırlar.

Təyyarələrində və nəzarət-keçid nöqtələrində ən yeni texnologiyalardan istifadə edən şirkətlər nə üçün problemsiz baqajdaşıma təşkil edə bilmirlər?

Hər halda, irəliləyiş var

Baqajdaşımaya nəzarət edən beynəlxalq İT provayder şirkəti "Sita"nın məlumatına görə, 2007-ci ildə itən baqajların sayı 46,9 milyon olubsa, 2018-ci ildə bu göstərici 24,8 milyona enib.

Halbuki bu müddət ərzində təyyarə sərnişinlərinin sayı faktiki olaraq iki dəfə artıb.

Delta şirkətinin sensoru baqajın səhvən başqa yerə getməməsinə nəzarət edir

Məsələn, Amerikanın "Delta" aviaşirkəti çamadanların tutacağına yapışdırılan ştrix-kod etiketlərində radiotezlik indikatorlarından (RFİD) istifadə etməyə başlayıb.

Mərkəzi monitorinq sistemi əşyanın yerini müəyyən edə bilsin deyə maşınlar baqaja verilən hər bir çantanı skan edirlər.

"Deməli, bizim hər il qəbul etdiyimiz 150 milyon baqaj belə indikatorla təmin edilib" - şirkətin icraçı direktoru Gareth Joyce belə deyir. Şirkət həmçinin bəyan edir ki, baqajların təhlükəsizliyini 99,9% səviyyəsində təmin edir.

Sərnişinlərin əşyalarını itirməmək üçün digər şirkətlər də RFİD-dən və mobil skanerlərdən istifadə edirlər.

25 milyon baqaj itməkdə davam edir. Nə üçün?

"Sita" şirkətinin nümayəndələri deyirlər ki, baqajların yarısı reysdəyişmə zamanı itir.

Sərnişinlər özləri bir təyyarədən düşüb digərinə keçə bilsələr də, onların əşyaları buna fürsət tapmır.

Baqajların, demək olar ki, yarısı reysdəyişmə zamanı itir

Çantaların böyük əksəriyyəti həm də ona görə tapılmır ki, yükləyicilər onları dəyişik salırlar, ya da sərnişinlər səhvən başqalarının baqajını götürürlər.

Problemə təsir edən faktorlardan biri də yükdaşımanın mürəkkəb sistemi və onun çətin təşkilidir.

Bəzi aeroportlar və aviaşirkətlər bu işlə özləri məşğul olurlar, bəziləri isə eyni zamanda bir neçə şirkətə xidmət göstərən müstəqil kampaniyalarla birgə çalışırlar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) baqaj haqqında informasiyanın kodlaşdırılması standartını 1989-cu ildə müəyyənləşdirib, ştrix-kod sistemi isə hələ 1950-ci illərdə formalaşıb.

Amma bəzi kiçik aeroportlar hətta bu sistemdən də istifadə etmirlər. Yükləyicilərin işini yüngülləşdirmk üçün "Zebra" şirkəti Yunanıstanın 14 aeroportunu əşyaların ştrix-kod etiketlərini skan etmək imkanı verən kompüterlərlə təmin edib.

"Yoxsa biz kağız və qələmdən istifadə etməli olardıq" - şirkətin əməkdaşı Dean Porter belə deyir. Avropanın bir çox kiçik aeroportunun da yenilənməyə ehtiyacı var.