"Orta məktəblər üçün yeni hazırlanan kurikulumlarda proqramlar sadələşdirilib"


Digərləri 08 İyn 2019 09:06:00 202 0

"Orta məktəblər üçün yeni hazırlanan kurikulumlarda proqramlar sadələşdirilib"

Təhsil Nazirliyi tərəfindən yeni hazırlanmış "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, yeni sənəd layihəsində azərbaycançılıq ideyasına xüsusi diqqət yetilir: "Hazırda qüvvədə olan dövlət standartları layihəsi təxminən 10 il əvvəl hazırlanıb və onun yenilənməsinə ehtiyac var. Orada azərbaycançılıq, milli-mənəvi-dəyərlər az nəzərə alınmışdı. Nazirliyin yenidən hazırladığı sənəd layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb, azərbaycançılıq ideyasının təbliğinə xüsusi diqqət verilib".

İ.Həbibbəyli "Təhsil haqqında" yeni qanuna təklif edilən dəyişikliyə - təhsil proqramlarının (kurikulumların) təsdiq edilməsinin dövlətin vəzifələri sırasından çıxarılmasına da münasibət bildirib.

Onun sözlərinə görə, bu təklifə əsasən, təhsil proqramlarını Nazirlər Kabineti deyil, Təhsil Nazirliyinin Kollegiyası təsdiq edəcək: "Kurikulumların təsdiq edilmə səlahiyyətinin Nazirliyə verilməsi siyasi qərar deyil. Kurikulumların hazırlanması və təsdiqi ixtisas, pedaqoji biliklər tələb edən məsələdir. Ona görə də kurikulumları Təhsil Nazirliyi və ona tabe qurumlar hazırladıqdan sonra Nazirliyin kollegiyası təsdiq edəcək".