Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi


Kriminal 07 İyn 2019 22:44:00 230 0

Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi

Piylənmə, ateroskleroz, xroniki yorğunluq sindromu, onkoloji, autoimmun və neyrodegenerativ (Alsheymer, Parkinson) xəstəliklər, astma, podaqra, allergiya, diabet, akne, revmatoid artrit, artroz, fibromialgiya, tükənmə sindromu...

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu xəstəliklərin günümüzdə çox böyük vüsət alması artıq ÜST tərəfindən həyəcan siqnalına səbəb olmuşdur. Ölkəmizdə də  qeyri-infeksion xəstəliklərlə mübarizə üçün  dövlət proqramı qəbul olunmuşdur ("Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya").

Təzahür və gedişat baxımından çox fərqli olan bu xəstəliklərin əslində çox önəmli ümumi xüsusiyyətləri vardır. Belə ki, onlar:

- ötən illərə nisbətən müasir dövrdə çox geniş yayılmışdır

- əsaslarında əksər hallarda yanlış qidalanma ilə təhrik olunmuş gizli iltihab durur.

İrsi meyillik, pis ekoloji durum, psixoemosional stress, xarici toksinlər etioloji faktor kimi əhəmiyyətli olsa da, əksər hallarda bu xəstəliklər həyat tərzi (life style), xüsusən də yanlış qida vərdişləri ilə bağlıdır.

Qida insan üçün enerji mənbəyi olub, onun yaşamını təmin edir. Qəbul edilən qida günəş enerjisi, vitamin, makro- və mikronutriyentlərlə zəngin olmalıdır ki, hər bir hüceyrə kifayət qədər faydalı maddə alıb normal fəaliyyət göstərsin, əks-təqdirdə bu hüceyrə tədricən məhv olacaq. Bu prosesi tək bir hüceyrə deyil, bütün orqanizm səviyyəsində getdiyindən zamanla müxtəlif xəstəliklərə, vaxtsız qocalmaya səbəb olacaq.

Bu sadə prinsipin inkar edilməsi, müasir insanın faydalıdan çox dadlıya üstünlük verməsi bu gün sağlamlığa deyil,  qida industriyasına xidmət edən kommersiya qidasının, yaxud, aqressiv qidanın istehsalına güclü təkan vermişdir. Bu növ qidaların istifadəsi əsasən 20-ci əsrin sonu - 21-ci əsrin əvvəlində - sənaye emalı keçmiş qida məhsullarının vüsət alması ilə çox geniş yayılmışdır.

Elə həmin vaxtlardan reklam vasitəsilə uşaq və gənclərin beynində ayaqüstü "yemək kultu" yaradılaraq, ailə yeməyi ənənəsi evlərdən ictimai qidalanma müəsissələrinə daşındı. Eyni zamanda, bu növ yemək yerlərinin al-əlvan, cazibəli əyləncə mərkəzlərində yerləşməsi zərərli yeməkdən alınan xoş təəssüratı təmiz beyinlərə rahatlıqla yeridərək bir dominant yaratdı.

Ucuz, keyfiyyətsiz məhsullardan alınan ərzaqlar sıravi vətəndaşların ərzaq səbətinin xeyli hissəsini zəbt etdi. Sənaye qidası yalnız bir məqsədə qulluq edir - şəkər, duz, yağ və  bir çox kimyəvi qatqılar vasitəsilə asılılıq yaratmaq və müvafiq olaraq, belə qidalardan davamlı istifadəyə sövq etmək.

Süni qidanın hansı fəsad törədəcəyini ehtimal etmək çətin deyil. İlk olaraq, onlar çoxpilləli emal sobasından keçdiyindən həyat enerjisindən məhrumdur. Keyfiyyətsiz və bəzən hətta yararsız xammaldan hazırlandığından onların tərkibinə insan təbiətinə yad və bir çox hallarda toksiki təsir göstərən kimyəvi maddələr əlavə olunur.