Azərbaycan teatr və kino tarixində bənzərsiz yeri olan sənətkar


Kriminal 07 İyn 2019 22:04:00 270 0

Azərbaycan teatr və kino tarixində bənzərsiz yeri olan sənətkar

Azərbaycanın Xalq Artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb. Məlik Dadaşov Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindəndir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Xalq Artisti Məlik Dadaşovun anadan olmasının 95-ci ildönümü tamam olur.

Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. "Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.

Tarixi keçmişimizdən bəhs edən "Dəli Kür" bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilmişdir. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq "Axırıncı aşırım" filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.

Görkəmli aktyor "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Fəryad", "Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.


Xəbərə aid fotolar