Pirat dərslik satanların məhkəməsi oldu


Kriminal 07 İyn 2019 20:20:00 202 0

Pirat dərslik satanların məhkəməsi oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə qanunsuz pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilənlər - Şirzad Abdullayev və Faiq Məmmədovun məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının nümayəndəsi çıxış edərək 2 milyon manatlıq mülki iddia qaldırıb və bu pulun DİM-ə ödənilməsini istəyib.

İttihama görə, Ş.Abdullayev və F.Məmmədov "Abituriyent" jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə edərək orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda Türkiyədə nəşr edərək Azərbaycana gətiriblər.

Bundan başqa həmin vəsaitləri gömrük nəzarətində düzgün bəyan etməməklə keçirib və respublika ərazisində satışa çıxarıblar. Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb. Adıçəkilən şəxslər özlərini təqsirli bilməyiblər.