Generallar Rusiya ilə sərhəddəki buraxılış məntəqəsində FOTO


Digərləri 07 İyn 2019 16:39:00 182 0

Generallar Rusiya ilə sərhəddəki buraxılış məntəqəsində  FOTO

İyunun 7-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.

Son.az DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, eyni zamanda, ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və müvafiq dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi öyrənilib.

"Samur" gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması, həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük və sərhəd nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələr verilib.

Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib.