BDU rektoru İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub (FOTO)


Digərləri 07 İyn 2019 15:19:00 344 0

BDU rektoru İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub (FOTO)

BDU-nun rektoru Elçin Babayev İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İtaliyanın Triest şəhərində yerləşən, İtaliya hökuməti, UNESCO və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində (“The Abdus Salam International Centre for Theoretical Physics” (ICTP)) olub. Universitetdən Trend-ə verilən məlumata görə, səfər zamanı rektor Elçin Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru, UNESCO Baş Direktorunun assistenti, Kembric universitetinin professoru Fernando Kuevedo ilə görüşüb. Hər iki ölkənin inkişafında fundamental elmlərin, xüsusilə də nəzəri fizikanın və astrofizikanın, həmçinin multidissiplinar elmi istiqamətlərin inkişaf etdirilməsinin əhəmiyyəti barədə müzakirələrin aparıldığı görüşdə uyğun sahələrdə əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik ifadə edilib. Tərəflər gələcəkdə kadr hazırlığı (magistratura, doktorantura) və elmi əməkdaşlığı gücləndirmək, fizika, astrofizika və biofizika sahələrində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər. Görüş zamanı Azərbaycan və İtaliya arasında mövcud olan elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək kimi strateji əhəmiyyətli işlərin reallaşdırılması imkanları da müzakirə edilib. Əməkdaşlıq çərçivəsində müştərək elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, seminarlar, təcrübəartırma kursları və s. təşkili nəzərdə tutulub. Görüşdə, eyni zamanda, iki qurum arasında elm, texnologiya və innovasiya sahəsində anlaşma memorandumunun və əməkdaşlıq müqaviləsinin imzalanmasının, onun əsasında fəaliyyət planının hazırlanmasının əhəmiyyəti vurgulanıb. Rektor Elçin Babayev BDU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər haqqında məlumat verib və fikir mübadiləsi aparılıb. Rektor professor Fernando Kuevedonu BDU-ya dəvət edib. Rektor Elçin Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində keçirilmiş “Beynəlxalq Kosmik Hava Təşəbbüsü Seminarı”nda (The International Space Weather Initiative (ISWI) Workshop) da iştirak edib. Əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə kadr hazırlığı, cihaz və qurğuların yerləşdirilməsi və kosmik hava məlumatlarının təhlili üzrə perspektivlərin müzakirə olunmasından ibarət olan seminar əsasən ISWI şəbəkələrinin daha çox əməkdaşlıq əsasında inkişafı hesabına yeni tədqiqat nəticələrinə təşviq edir.