Komitə: Qısa idxal bəyannaməsinin verilməməsi halları azalıb


Digərləri 07 İyn 2019 14:17:00 224 0

Komitə: Qısa idxal bəyannaməsinin verilməməsi halları azalıb

Ötən gün “Qanun Nəşrlər Evi” nin direktoru Şahbaz Xuduoğlu “facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində gömrük orqanlarına qarşı qərəz və böhtan dolu paylaşım edib

Bakı. Ötən gün “Qanun Nəşrlər Evi” nin direktoru Şahbaz Xuduoğlu “facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində gömrük orqanlarına qarşı qərəz və böhtan dolu paylaşım edib və hər zaman olduğu kimi, bir sıra kütləvi informasiya vasitələri də qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac duymadan həmin paylaşımı yayımlayıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, paylaşımdan məlum olur ki, adıçəkilən şəxs ölkə ərazisinə kommersiya məqsədilə mal gətirib və gətirdiyi mala dair gömrük orqanına əvvəlcədən qısa idxal bəyannaməsi təqdim etmədiyi üçün qanunvericiliyə əsasən inzibati qaydada cərimə olunub. Elə bundan yola çıxaraq, bu il fevralın 1-dən tətbiq edilən qısa idxal bəyannaməsinin hüququ əsaslarına, faydalılığına və səmərəliliyinə şübhə ilə yanaşıb, hətta beynəlxalq praktikada inkişaf etmiş ölkələr tərəfindən geniş surətdə tətbiq edilən yeniliyi “pul yığmaq üçün bürokratik uydurmaya hüquqi don geydirmək” kimi qiymətləndirib. İlk növbədə, müəllifin “pul yığmaq üçün bürokratik uydurma” adlandırdığı qısa idxal bəyannaməsinin məqsədi, hədəfi və təyinatı barədə qısa açıqlamaya ehtiyac var. Gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi beynəlxalq təcrübədə qəbul edilib və müvafiq beynəlxalq sənədlərdə gömrük işinin səmərəliliyinin artırılması, ticarət-təchizat zəncirində təhlükəsizliyin təmin edilməsi üçün əsas vasitələrdən biri kimi müəyyən olunub. Mal və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilmiş məlumatlar risklərin idarə edilməsi və təhlili sisteminin səmərəli şəkildə tətbiqinə imkan verir ki, bu da beynəlxalq ticarətdə sərhəd keçidi əməliyyatları zamanı gömrük nəzarəti formalarının seçmə üsulu ilə həyata keçirilməsi və gömrük-sərhəd buraxılış məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə şərait yaradır. Xüsusilə vurğulanmalıdır ki, məlumatların əvvəlcədən təqdim edilməsi gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan malların risk dərəcələrinin müəyyən olunmasına, sərhəd keçidi zamanı müvafiq dəhlizin əvvəlcədən seçilməsinə şərait yaradır ki, bu da gömrük nəzarətinin daha çevik və şəffaf formada həyata keçirilməsi, resurslardan daha səmərəli istifadəyə imkan verir. Yəni, qısa idxal bəyannaməsinin verilməsi malların sürətli şəkildə sərhəddən keçərək sahibinə çatdırılmasını, təhlükəsizliyin, şəffaflığın təmin edilməsini, vaxt itkisinin aradan qaldırılmasını təmin edir. Qısası, mal təyinat nöqtəsinə hərəkətdə olarkən, artıq gömrük əməliyyatlarının əsas hissəsi həyata keçirilir. İlkin məlumat mübadiləsi prinsipi, yəni, qısa idxal bəyannaməsinə dair fikir və müddəalar xüsusilə ən mötəbər beynəlxalq sənədlərdə öz əksini tapıb. Ümumdünya Gömrük Təşkilatı (ÜGT) çərçivəsində qəbul olunmuş “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında Konvensiya”nı (Kioto Konvensiyası) göstərmək olar. Kioto Konvensiyasının “A” xüsusi əlavəsinin 1-ci fəslində malları əvvəlcədən bəyanetməyə dair standartlar müəyyən olunub. Eyni zamanda, 2005-ci ildə ÜGT çərçivəsində qəbul olunmuş “Qlobal ticarətin təhlükəsizliyinin təmin olunması və sadələşdirilməsi üzrə Çərçivə Standartları”nda mallara dair məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi bu standartların əsas elementlərindən birini təşkil edir. Sözügedən standartların 3-cü bölməsinin 2.1.3-cü maddəsində də malların idxalı və ixracı zamanı daşıyıcı və ya onun nümayəndəsi tərəfindən ilkin məlumatların gömrük orqanlarına elektron şəkildə təqdim edilməsi müəyyən olunub. Qeyd olunan standartlarda həm də, nəqliyyat növündən asılı olaraq, mallara dair ilkin məlumatların verilməsi üzrə vaxt çərçivələri tövsiyə edilib: avtomobil nəqliyyatı - 1 saat öncə, dəmir yolu - 2 saat öncə, hava nəqliyyatı - 4 saat öncə, dəniz nəqliyyatı - 24 saat öncə. İlkin bəyanetmə üzrə standartlara əsaslanaraq bu prinsip dünya ölkələri tərəfindən tətbiq olunur. Avropa İttifaqının Gömrük Məcəlləsinin 127-ci maddəsinə əsasən, İttifaqın gömrük ərazisinə gətirilən mallara dair əvvəlcədən bəyannamə təqdim edilməlidir. O da qeyd edilməlidir ki, ilkin bəyanetmə prinsipi Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyində də müəyyən olunub. Bu prinsip Rusiya, Qazaxıstan, İran, Türkiyə və digər qonşu ölkələrdə də tətbiq olunur.