Niyə 700 bal toplayan olmadı?


Digərləri 07 İyn 2019 03:30:00 231 0

Niyə 700 bal toplayan olmadı?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 28-də keçirilmiş I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının I mərhələsi və V qrup üzrə keçirilən imtahanların nəticələrini açıqlayıb. İmtahanların nəticələri cəmiyyətdə birmənalı qarşılanmayaraq çoxlu suallar doğurub. 700 bal toplayan abituriyentlərin yoxluğu ciddi müzakirələrə səbəb olub. Hər il qəbul imtahanlarında 700 bal toplayan tələbələr nümunə göstərildiyi, təhsilin uğuru kimi qiymətləndirildiyi halda, bu il abituriyentlərin balı 695-dən yuxarı qeydə alınmayıb. 

İmtahanların belə nəticəsi çoxlu suallar və narazılıqlar doğurub. Belə ki, kurikulum üzrə ilk dəfə məzun olanların imtahan verməsi və DİM-in kurikulum üzrə test vəsaitlərindən ibarət toplular əməlli-başlı çaşqınlıq yaradıb. İmtahanda abituriyentlərin üz-üzə qaldıqları test tapşırıqlarının köhnə sistemdən qalan tapşırıqlara aid olması, tapşırıqların kurikulum proqramından uzaq olması və s. ilə bağlı fikirlər səslənməkdədir. Abituriyentlərin 700 bal toplaya bilməməsi sosial şəbəkələrdə də ciddi müzakirələr yaradıb. Elə isə, şagirdlərin 700 bal toplaya bilməməsinə səbəb nədir? Bu, gerçəkdən təhsilin səviyyəsinin aşağı düşməsi ilə bağlıdırmı?    İnsan amili yox, maşınlar...   Təhsil eksperti Etibar Əliyev qəbul imtahanlarının nəticələrinə öz feysbuk səhifəsində münasibət bildirib: "Obyektiv yanaşaq, tutaq ki, ötən ildən bu yana inkişaf olmayıb, lakin enmə də olmayıb. Eyni nazirdir, eyni ab-havadır, eyni məktəblərdir. Başqa vaxt 700 balları məktəbin yox, repetitorların uğuru sayanlar da olurdu, indi bunu repetitorların uğursuzluğu da saymaq olmaz, onlar da yerində qalıb". 

Ekspert hesab edir ki, səbəb test suallarının məzmunu ilə bağlıdır. Ya tapşırıqlar daha çətin olub, ya yeni tip tapşırıqlar olub, ya keyfiyyətsiz, ya da daha keyfiyyətli olub: "Suallar asan ola bilməz, məktəb proqramının tələblərini aşmadan (kurikulumlar bunu daha dəqiq aparmağa imkan verir) çətin sualların düşməsi təhsilə ziyan deyil. Çətin dedikdə, olimpiada suallarından, proqramı aşan tapşırıqlardan söhbət getmir. Normalda məktəb dərslərinin tələblərinə daxil olan və asan olmayan suallar nəzərdə tutulur. Bundan qorxmaq əvəzinə, nəzarət etmək lazımdır ki, əskinə, asan suallarla yüksək nəticə göstərənlər, ictimaiyyəti aldatmasın. Mənim təhlillərimə görə, bu il sualların çətinlik səviyyəsi də dəyişməyib, onların keyfiyyətinin azalıb-artmasından da söhbət getmir, əsl səbəb doğrudan da yeni tip sualların - açıq tipli sualların imtahana salınması ilə bağlıdır.

Nazirlik əvvəldən bəyan etmişdi ki, digər tip bacarıqların aşağı olmasına görə imtahanın məzmununa açıq tipli suallar salınacaq. Bütün suallar bu məsələ üzərində qoyulmalıdır. Deməli, doğrudan da uşaqlarımız açıq tipli suallara cavab verməkdə çətinlik çəkir. Təsdiq olunan budur. 700 balların arxasında gizlənib, yalandan öyünməkdənsə, bu cür etiraf yaxşıdır. Məktəb doğrudan da açıq tipli sualları çözmək bacarığını yüksəldə bilmir". 

Ekspert hesab edir ki, imtahanın başlıca nəticəsi 700 balların sayı ilə ölçülmür: "Zatən 85 faizlik göstərici bütün dünyada əla kimi qiymətləndirilir. 700 bal böyük uğurdur, bu uşaqlar hər cür hörmətə və diqqətə layiqdir, amma çox istedadlı uşaqlar, o cümlədən olimpiada uğurları olan uşaqlar dünyanın hər yerində ümumi standart test imtahanlarında 100 faizlik nəticə göstərmir. Bunun da müxtəlif səbəbləri var, kifayət qədər öyrənilmiş məsələdir. Yəni 700 bal toplayacaq abituriyentlər yenə də çempiondur, bu dəfə tutaq ki, 695 balla. Heç kimin haqqına girilməyib. Bizim qorxacağımız ədalətsizliyin olmasıdır. Bunu da iddia edə bilmərik. Bütün dünyada test üsulunu pisləyənlərə qarşı ən yaxşı cavab odur ki, bundan ədalətli seçim yoxdur. Hamı eyni şərtlər altında yarışıb. Çempion yenə öndədir, əla qiymət alanlar yenə öndədir, uğursuz olanlar da yenə ortadadır".