Çernobıl: yalanların bədəli


Digərləri 06 İyn 2019 23:44:00 196 0

Çernobıl: yalanların bədəli

Son.az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir

1986-cı ilin isti yay günlərindən birində Kiyevdə küçədə gedərkən şiddətli yağışa yaxalandım. Dabanıma qədər islanmışdım. Yağışdan qorunmaq üçün qaçıb özümü böyük bir şabalıd ağacının altına verdim. Yağış o qədər şiddətli idi ki, damcılar ağacın yarpaqlarından sürüşüb başıma düşürdülər. Yoldan keçənlər çaşqın baxışlarla məni süzürdülər. Birdən onlardan biri "Ağacın altında durmaqdan qorxmursanmı?" deyə bağıraraq yaxamdan yapışaraq məni ağacın altından kənara itələdi. Ayağım sərt bir şeyə ilişdi, şappıltı ilə üzüstə gölməçəyə düşdüm. Qalxanda üstüm-başım kirli-pasaqlı su içində idi. Kreşatikdən keçənlər mənə artıq qorxu dolu baxışlarla baxırdılar. Yaxama yapışıb məni ağacdan uzaqlaşdıran orta yaşlı adam isə cəngavər ədası ilə üzümə elə baxırdı ki, sanki məni ölümdən qurtarıb. Hələ də nə baş verdiyini anlamırdım...

* * *

26 aprel 1986-da Ukraynanın Pripyat qəsəbəsindəki Çernobıl Atom Elektrik Stansiyasında (AES) dəhşətli bir qəza baş verdi. Partlayış nəticəsində reaktor sıradan çıxdı, ətraf mühitə külli miqdarda radioktiv maddə sızdı. Qəza atom enerjisi tarixinin ən böyük fəlakəti idi - yüzlərlə insan şüa xəstəliyinə düçar oldu, çoxu həyatını itirdi, yüzminlərlə sakin evindən-eşiyindən didərgin düşdü, ölkəyə milyardlarla zərər dəydi. Sonralar bəzi tarixçilər Çernobıl qəzasının Sovet İttifaqının sonunu yaxınlaşdırdığını yazdılar.

Qəzadan iki ay sonra məndən yaşca kiçik olan qardaşım Kiyev Dövlət Universitetinə qəbul oldu. 17 yaşı vardı, atam məni Ukrayna paytaxtına göndərdi - gedib qardaşıma ev tutmalı, Bakıya onu yerbəyer etdikdən sonra qayıtmalı idim. Universitetə yaxın sakit bir küçədə ev tutduq, yaşlı ev sahibəsi həm də qardaşıma baxacaqdı. Adını unutduğum bu mülayim ukraynalı qadın və onun əri elə hey Çernobıl qəzası ilə onun yaratdığı böhrandan danışırdılar. Faciənin miqyası ortaya çıxdıqca insanlar daha da təlaşa qapılır, depressiyaya düşürdülər...

Mixail kiyevli bir riyaziyyatçı-mühəndis idi. Onunla ilk iş yerim olan Yeni Bakı Neftayırma zavodunun Hesablama Mərkəzində tanış olmuşduq. Mən bura təyinatla düşmüş, Mişa isə "CM-3" kompüterlərinisazlamaq üçün Ukraynadan ezam edilmişdi. Onunla dostlaşdım. Sonralar qardaşım Kiyevə köçəndə Mixail bizə bələdçilik etdi, çox köməyi dəydi mənə. Milliyyətcə yəhudiydi. Arvadı İrina tanınmış balerina, Ukraynanın əməkdar artisti idi. Gündüz qardaşımı unuversitetin önündə qarşılayır, hər şeyin yolunda olduğuna əmin olduqdan sonra onu evə qoyur, ordan da Mişagilə gedirdim. Dadsız-duzsuz yemək süfrəsinin ətrafında hər kəs təlaşlı idi. İrina Kiyevin bütün dedi-qodularından xəbərdardı, Çernobılla bağlı hər şeyi ilk İrina bilirdi.

Şəhər əhli Kiyevdəki radioaktiv fonu ölçmək və müzakirə etməklə məşğuldu. İrinanın hansısa bir heyranı ona dozimetr hədiyyə etmişdi. Aləti mənə uzadıb balkonda ölçüm aparmağımı istəyəndə ətimin necə ürpəşdiyini, "vahimə saçan" cihazı itələməyimi indi də xatırlayıram. Qorxmağa başlamışdım, ancaq qorxan tək mən deyildim - bütün Kiyev, Ukrayna, ərazisinin 70 faizi radiasiyaya məruz qalmış Belarusiya (indiki Belarus) da qorxurdu. Ölkə vəsvəsə və səksəkə içindəydi. Qəzanı gizlədən rəsmi Moskvanın xalqını nə yerinə qoyduğu göz qabağında idi, acınacaqlı idi hər şey. Mişa hər axşam arağa yod qarışdırıb içir, bir "çappa" da mənə uzadırdı. İlk günlər imtina etsəm də, sonrakı günlərdə ona qoşuldum - yodlu araq guya radiasiyanın təsirini azaldırdı. Dostum durmadan içir və sürəkli etiraz edirdi, hər şeyə və hamıya.

Çernobıl Kiyevdən 110 km aralıda yerləşir. Havaya sovrulan radioaktiv hissəciklər küləyin istiqamətinə görə gah Kiyevə tərəf, gah da qərbə - Polşa və Almaniyaya, oradan da bütün Avropaya sovrulurdu. Radioaktiv fon "cəhənnəmlik"i - Hirosimadakının yüzlərlə, minlərlə mislinə bərabərdi. Radiasiyanın bəzi günlərdə Türkiyənin Qara dəniz sahillərindəki Trabzon və Rize şəhərlərinə qədər də çatdığı söylənirdi. Ağacların yarpaqlarına sinən radioaktiv toz və hissəciklər yağan yağışla yerə tökülürdü. Yaşlı kişinin məni ağacın altından dartıb çəkməsinin də səbəbi bu imiş. Radiasiya ilə bağlı "hər şeyi bilən" İrina belə izah etmişdi o hadisəni mənə...

* * *

HBO (Home Box Office) Amerikanın kabel və peyk televiziya şəbəkəsidi. WarnerMedia korporasiyasına daxil olan şəbəkənin 8 tv kanalı və 40 milyondan çox abunəçisi var. Şəbəkənin kanalları ABŞ-dan başqa Kanada, Avstraliya, Fransa, Brazilya və bir çox Avropa ölkələrində yayımlanır. 2019-un may ayının əvvəlində HBO və İngiltərənin Sky televiziya şəbəkəsi ilə Çernobıl (ing. Chernobyl) adlı serialı yayınlanmağa başladı. HBO izləyicilərini Game of Thrones serialı ilə məyus etmişdi. Çernobıl filmi ilə tamaşaçılarının könlünü almış oldu.

Serialı mənə Lvovda yaşayan həkim dostum tövsiyyə etdi. Serialları sevmirəm, ancaq Çernobıl ağrılı bir mövzu olduğundan sona qədər izlədim. Bihuş etdi məni film, xüsusilə də sadə insanların qəhrəmanlıq və şücaəti. Bəşər tarixinin ən dəhşətli texnogen qəzası amerikalı ssenarist Kreyq Meyzin (Craig Mazin, 1971)tərəfindən məharətlə yazılıb. 30-dan çox bədii və sənədli film çəkilb Çernobıl haqda. Ancaq bu film başqadır. Bəli, sovetlər "Çernobıl" çəkməyi bacarmadılar, amerikalılar isə çıxıb "Chernobyl" kimi tarixi şedevr qoydular ortaya.

Perestroyka anturajında çəkilmiş film-müsibət ekrana insan dramını gətirib. Nazirlər Sovetinin sədr müavini Boris Şerbina ilə görkəmli kiimyaçı alim, akademik Valeri Leqasovu qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə göndərirlər. Meyzin və filmin rejissoru Renka bədii filmlə "dokumentalistika" arasındakı sərhədləri elə gözəl qaldırıblar ki, qazanan tərəf realizm olub. Detallar, atributlar, kasıbdan kasıb sovet məişətinin kiçik nüansları beş saatlıq filmi bənzərsiz və bədii baxımdan qüsursuz edir. Bütün bu sadaladıqlarım serialı şedevr adlandıranlar üçün tutarlı əsas verir.