Öz bədənindən utanmağı tərgidib “YouTube” ulduzu olmağın yolu


Digərləri 06 İyn 2019 21:43:00 204 0

Öz bədənindən utanmağı tərgidib “YouTube” ulduzu olmağın yolu

2019-cu ilin yanvar ayında keçirilmiş tələbə yarışmasında onun çıxışının videosu "Youtube"- da 40 milyon baxış sayı toplayıb.

Şən və həyatsevər Katelyn Ohashi sərbəst proqram çərçivəsində ifa etdiyi bu emosional rəqsə görə ən yüksək qiymətə - 10 bala layiq görülüb.

Amma bu videoya baxanların heç ağlına da gəlməz ki, yaxın zamanlara qədər bu qız öz bədənindən utanan və ölçülərinə görə lağ edilən biri olub.

Onun ölçüləri (76-65-86) həqiqətən də idman gimnastikası standartlarından uzaqdır.

"Mənə deyirdilər ki, sən gimnasta oxşamırsan. Deyirdilər ki, yəqin fil udmusan, deyirdilər ki, donuza oxşayırsan" - Katelyn həmin dövrü belə xatırlayır.

Ohashi idmanla 3 yaşından məşğul olmağa başlayıb. Ən böyük uğurunu 2013-cü ildəki Amerika Kubokunda qazanıb - hazırda dördqat olimpiya çempionu olan həmyerlisi Simona Baylsa qalib gəlib.

Amma belindən aldığı zədə Kately-nin idman karyerasına son qoyub. Bu ona bir növ rahatlıq gətirib: "Komanda mənim kökəlməyimdən narazıydı. Trenerlər tənqid edirdilər, qızlar çəp-çəp baxırdılar. Artıq çəkimdən heç cür xilas ola bilmirdim".

Bir müddət sonra səhhəti normallaşsa da, professional yarışlarda qələbə qazanmaq artıq onun üçün əlçatmaz hala gəlib.

Nə qədər çətin olsa da, Katelyn davam etməyə qərar verib. Amma reytinq cədvəlində yer almaq üçün yox, ömrünün çox hissəsini sərf etdiyi işdən zövq almaq üçün gimnastikayla məşğul olmağa davam edib.

Universitetə daxil olandan sonra tələbə komandasının tərkibində yenidən idman meydançasına çıxıb.

İnsanlara mövcud gözəllik standartlarından asılı olmadan öz bədəninə pozitiv yanaşmağı öyrədən bodipozitiv hərəkatında iştirak etməsi Katelyn üçün daha bir sınaq olub.

Ohashi-ni buna sövq edən əsas səbəb əvvəlki idman karyerası olub.

Katelyn deyir ki, gimnastikanın spesifikliyi qızları öz bədənlərinə tənqidi yanaşmağa məcbur edir.

Çünki professional idmanın müasir tələbləri, maksimum açıq yarışma kostyumları olan idman gimnastikasının özünəməxsus estetikası və tamaşaçı auditoriyasının oturuşmuş stereotipləri var.

"O kostyumlarda biz gimnastların bədəni nümayişə açıq olur. O vaxt mən güzgüyə baxanda özümü narahat hiss edirdim" - Katelyn belə deyir.

Katelyn Ohashi-nin çıxışı "YouTube"-da 40 milyon baxış sayı toplayıb

"Zədə alandan sonra xeyli kökəlmişdim, idman zalına qayıtmağa utanırdım, mənə elə gəlirdi ki, hamının gözü mənə zillənib. Fotosessiyalardan da, özümdən də zəhləm gedirdi. Hətta evdə də rahat ola bilmirdim. Anamın çox zərif bədən quruluşu var, ona görə də məni birlikdə hovuzda üzməyə çağıranda ona deyirdim ki, heç vaxt sənin yanında çimərlik paltarın geyinmərəm" - Katelyn o dönəmi belə xatırlayır.

"Bu, zorakılığın bir növüdür"

Psixoloji Sağlamlıq Fondu insanların öz bədənlərinə münasibətinin öyrənilməsinə xüsusi diqqət ayırır. Fondun bu yaxınlarda Böyük Britaniyada 4500 nəfər arasında keçirdiyi sorğunun nəticələri göstərib ki, hər üç nəfərdən biri öz bədən quruluşundan narazıdır.

Gimnastikayla 3 yaşından məşğul olmağa başlayan Ohashi-nin sözlərinə görə, başqa insanların heç bitməyən şərhləri və ətrafdakıların davamlı diqqəti yeniyetmə yaşlarında onu öz bədənindən utanmağa məcbur edib.