Mövsümü meyvələrin bazarda və mağazalardakı qiymətləri


Digərləri 06 İyn 2019 17:07:00 283 0

Mövsümü meyvələrin bazarda və mağazalardakı qiymətləri

Sosial şəbəkələrdə bir neçə gündür ki, mövsümü meyvələrin baha olmasından şikayətlər yazılır. Vətəndaşlar bildirirlər ki, bazarlarda meyvə qıtlığı yaşanır, qiymətlər isə bahadır.

Son.az bildirir ki, musavat.com-un əməkdaşı 8-ci kilometr bazarının meyvə satılan hissəsində  və mağazalarda olub, qiymətlərlə maraqlanıb.

Müşahidə etdik ki, doğrudan da bazarda mövsümü meyvələr qıtlıq təşkil edir. Qiymətlər baha olduğu üçün, demək olar ki, alıcı qıtlığı da yaşanırdı.

Hazırda bazarda göyçənin 1 kiloqramı 3 manata satılır. İnsanlar elə ən çox bu meyvəni almağa üstünlük verirdilər. Gilas isə növündən asılı olaraq 2.5-5 manatadır.

Əriyə bazarda bir o qədər də rast gəlmək mümkün deyil. Qiymətlər də fərqlidir.

Belə ki, nisbətən kal və xırda əriklər 3.5 manata, iri, yetişmiş əriklər isə 6 manata satılır. Vişnənin kiloqramı 2.5 manatdır. Alma da növündən asılı olaraq 2-5 manata satılır. Armuda demək olar ki, bazarda rast gəlmək mümkün deyil. Soraqlayıb tapdığımız armudun kiloqramının 6 manat olduğunu öyrəndik.  Ağ tutun kiloqramı 3 manat, qara tut isə 5 manatadır. Banan 2 manat 30 qəpikdir.

Tərəvəzlərə gəlincə, bazarda pomidorun kiloqramı 50 qəpik, xiyar 40 qəpiyədir. Badımcan isə 1 manata satılır. Bazarda pomidorun və xiyarın 3-5 kilosunun 1 manata satıldığı yerləri də tapmaq mümkündür.

İri mağazalarda isə hər cür meyvəyə rast gəlinir. Mağazalarda da qiymətlər ucuz deyil.

Belə ki, mağazada gilas 7 manata, çiyələk 2.5 manata, göyçə 5 manata, armud 3 manat 50 qəpiyə, alma 2 manata və daha baha qiymətə satılır. Eləcə də mağazalarda bananın kiloqramı 2 manat 35 qəpiyə, vişnə 2 manat 50 qəpiyədir. Mağazada şaftalı 12 manata, ərik isə 6 manatadır.