Narkolepsiya nədir?


Digərləri 05 İyn 2019 23:30:00 337 0

Narkolepsiya nədir?

Narkolepsiya gözlənilməz yuxulama atakları ilə xarakterizə olunan xəstəlikdir.

Nəzərə alsaq ki, xəstəlik gündəlik həyatı çox çətinləşdirir, düzgün müalicəyə böyük əhəmiyyət verilməlidir.

Son.az oxu.az-a istinadən bildirir ki, digər adı Gelino olan bu xəstəlik sinir sisteminin patologiyaları arasında yuxu pozulmasının bir növüdür. Xəstələr gün ərzində anidən yuxulamalara müqavimət göstərə bilmədən, istənilən vaxt yuxuya gedə bilər: avtomobili idarə edərkən, imtahanda və ya işdə.

Bu xəstəliyə ən çox gənclərdə rast gəlinir. Qadınlarda nadir hallarda baş verir, uşaqlarda isə çox nadir hallarda diaqnoz qoyula bilir.

Dünyada təxminən üç milyon insan bu xəstəlikdən əziyyət çəkir. Adətən, narkolepsiya gənc yaşlarda başlayır. İnsanlar gecə yuxusuzluğundan və gün ərzində yorğunluqdan şikayət edirlər. Bəzən xəstəlik tənəffüs yolları xəstəliyi əlaməti ilə qarışdırılır. Bütün bunlar müalicənin çox gec başlamasına gətirib çıxarır.

Narkolepsiyanın nəticəsi kataplexiyadır. Kataplexiya pristup şəklində, hərəkət fəaliyyətinin pozulması ilə xarakterizə edilən nevroloji xəstəlikdir. Patoloji vəziyyət bədənin hər hansı bir hissəsinin qəfildən immobilizasiyası, fasial (üz) əzələlərin müvəqqəti iflici şəklində özünü göstərir.

Səbəbləri

Elm adamları bu xəstəliyin etioloji faktorlarını yaxın dövrdə aşkar ediblər. Narkolepsiya beyində baş verən metabolik pozulmalar fonunda inkişaf edir.

İnsan beyninde ifraz olunan neyromediator oreksin adlı maddənin çatışmazlığı səbəbindən yuxulama istəyi olur.

Bədəndə bu maddənin olmaması aşağıdakı səbəblərdəndir:

• kəllə beyin travması (KBT); • hormon çatışmazlığı; • genetik meyillilik; • psixoloji xəstəliklər; • diabet; • güclü sinir gərginliyi; • beyinin infeksion xəstəliyi.

Patoloji yuxu pozuqluğunun simptomlarına səbəb olan amillər arasında:

• tez-tez stresli hallar; •  narkotik və spirtli içkilərdən istifadə; •  xroniki yorğunluq; •  beyində keçirilmiş əməliyyat; •  antidepresantların qəbulu; •  gündüz və gecə həyat siklinin pozulması.

Simptomlar

Narkolepsiyanın ən sıx əlamətləri:

• taxikardiya; • tərləmə; • gecə yuxusunun pozulması; • hallüsinasiyalar; • diz əzələlərinin zəifliyi; • ağır yorğunluq; • fikir dağınıqlığı; • şüur bulanıqlığı; • baş ağrısı; • narahatlıq; • məcburi əzələ səyriməsi.

Narkolepsiyalı xəstə bir anda bədəninin zəiflədiyini hiss edərək səbəbsiz yuxuya gedir, yuxu bir neçə saniyədən yarım saata qədər davam edə bilir.

Xəstə diqqətini cəmləyə bilmir. Gözlərini bağlayanda dərhal yuxu görür.

Dərin yuxuda tamamən hərəkətsiz, iflicə bənzər halda olur, toxunduğunuzda iflicəbənzər simptomları aradan qalxır. Asanlıqla oyandıqdan sonra, tezliklə yenidən yuxuya gedə bilir.

Yuxulama hissi gün ərzində o qədər güclüdür ki, üzünü yumaq və ya siqaret çəkmək kimi vasitələr qısamüddətli təsir edir. Axşam saatlarında isə ciddi yuxusuzluq müşahidə olunur.

İşdə əhəmiyyətli yığıncaqlar, avtomobili idarə etmə və ya ətrafında cərəyan edən mübahisə yuxulamanın qarşısını almır. Bəzən xəstə yuxuda gündəlik hərəkətlərinə davam edir, məsələn, yuxuda, sükan çarxını çevirir və ya yazı yazır.