Elnarə Xəlilova həyat yoldaşının Bulvarda etdiyi evlilik təklifindən danışdı:


Şou-biznes 05 İyn 2019 11:19:00 368 0

Elnarə Xəlilova həyat yoldaşının Bulvarda etdiyi evlilik təklifindən danışdı:

Məlahətli səsi və böyük ürəyi "Məhəbbət payım", "Uzaqlara", "Qəm otağı", "Ayrılıq", "Pəncərəndə" kimi mahnılarında birləşməsəydi, çətin ki, pərəstişkarlarının qəlbinə və yaddaşına uzun illər hakim kəsilərdi. 4 övlad sahibi olduğunu, prioritetlərini ailəsi təşkil etdiyini və köhnə imicindən çoxdan uzaqlaşdığını desə də, Elnarə Xəlilova bizim üçün hələ də saf qızcığaz olaraq qalıb. Özü isə etiraf edir ki, ötən illər ərzində onun obrazını təkrarlaya bilən ifaçı olmayıb. Odur ki, köhnə obrazını qaytarmağa çalışmır.

Ola bilsin ki, o, hər gün bir mahnı çıxaran ifaçılardan olmasın və bəzən onu tənbəllikdə ittiham edirlər. Amma unudurlar ki, tarix sadəcə çoxsaylı repertuarı olan ifaçıların arxivi deyil. Bir neçə mahnı ilə musiqi tarixində özünə yuva quran kifayət qədər sənətçi olub və olmağa davam edir. Tarix isə o qədər nankor deyil ki, bənzərsiz səslərin unudulmasına imkan versin.

Son.az sənətçinin Publika.az-a müsahibəsini təqdim edir.

- Sarı və xırda hörükləriniz sizə çox yaraşıb. Bizə əvvəlki Elnarəni xatırladır.

- Hamı deyir ki, 15 il öncəyə qayıtmısan. Maşallah, hər il cavan müğənni ordusu gəlir, 15 il ərzində gözlədim ki, kimsə yerimi tutsun. Buna həqiqətən də sevinərəm, amma görürəm ki, bu illər ərzində yerimi tutan ifaçı olmadı. Olmadı ki, tamaşaçılar məndən köhnə Elnarəni hələ də tələb edir.

İstər geyimdə, istər saç düzümündə, istər makiyajda, istərsə də musiqidə mütəmadi olaraq dəbin geri qayıtdığını unutmaq olmaz. Bu obrazım əslində yeni klip üçün düşünülüb. Mahnı hip-hop janrındadır, orada özümü hörükdə gördüm. Yayda hörüklər daha çox aktualdır və bu, bir tərzdir, həm də qəşəng görünmək üçün etdim.

- Elnarə xanım, hərbçinin, yoxsa müğənninin həyat yoldaşı olmaq daha böyük məsuliyyət və yük deməkdir?

- Hər bir işin öz ağırlığı və çətinliyi var. Məsələn, hər axşam kiçik oğlum dalımca ağlayır. Uşaqlar yoxluğumu hiss edir və məni paylaşa bilmir. Mən də səhnə adamıyam, səhərdən axşama kimi tədbirlərdə və məclislərdəyəm...

- Bu yoxluğu həyat yoldaşınız da hiss edir?

- Yoldaşım özü də iş adamıdır, tez-tez xarici səfərlərə yollanır. Azərbaycanda olanda da başı qarışıq olur. Hər peşənin öz çətinliyi var, amma görürəm ki, ailədə biri hərbçi, digəri isə səhnə adamıdırsa, bu, lap çətindir.

Rövşən məni o görüşdə digərlərindən sezdi və seçdi

- Rövşən bəylə ilk tanışlığı xatırlayırsınız? Həmin gün sizdə hansı təəssüratlarla yadda qalıb?

- "Space" telekanalında həyat yoldaşım 12 verilişin pult rejissoru idi, o zaman mən də "W-trio"da solistlərdən biri idim. Qızlarla birlikdə "Çardaq" verilişinə getmişdik. İlk dəfə o verilişdə rastlaşmışdıq. İlk baxışda Rövşəni digər əməkdaşlardan fərqləndirmədim, amma sonra söhbətimiz alındı. Müxtəlif mövzular ətrafında danışıb sonda Qarabağ münaqişəsi üzərində qərarlaşdıq. Rövşən özü də qarabağlıdır, məcburi köçkündür. Aramızda ciddi debat və polemika başladı. Xeyli müzakirədən sonra gördük ki, ortaq maraqlarımız və uyğunluğumuz var. Qarabağ probleminə olan həssaslığımız da bizi birləşdirdi.

20 yaşında cavan qız idim, orda digərləri kimi boyadan və pudradan, ayaqqabımdan və ya kolqotqadan da danışa bilərdim. Nədənsə biz oturub siyasətdən danışdıq... İlk görüşümüz bu xatirələrlə yadda qalıb, düşünürəm ki, mən də onun xatirində bu hadisə ilə yadda qala bilmişəm. Rövşən məni o görüşdə digərlərindən sezdi və seçdi.

- Evlilik təklifi xatirənizdə hansı boyalarla yadda qalıb?

- 12 mayda, dənizkənarı bulvarda görüşmüşdük, qəfildən üzüyü çıxarıb evlilik təklifi etdi. Həyəcanlandım və dedim ki, düşünərəm, dərhal "hə" cavabını vermədim. 3 aydan sonra razılaşdım.

- Bəs ürəyinizdə "Bu oğlan ömrümü paylaşmaq istədiyim adam ola bilər" dediniz? Və bunu nədən anlamaq olar?

- (telefonuna gələn mesajı oxuyur və gülür) Sualdan əvvəl oxuduğum mesajdan anladım.

- Deyəsən, mesajda romantik sevgi etirafı gizlənib.

- Yox, mənə "motan" deyə xitab edib (gülürük).

Bilirsiniz, Rövşən darda olduğum anlarımda həmişə hiss edir ki, ona ehtiyacım var. Bir dəfə gecə saat 12-də avtomobil qəzası keçirtmişdim, başımı qaldıranda tanımadığım simaları gördüm. Böyük əksəriyyəti də kişilər idi. Fikirləşdim ki, mən tək qız xeylağı bunlara nə cavab verim. Maşımda da 4 nəfər adam var idi. Onda Rövşənlə evli deyildik. Həmin gecə Rövşən qatarla Şəmkirə getməli idi. Başa düşdüm ki, ona zəng vurmağın mənası yoxdur, çoxdan qatarla yola düşüb. Daha sonra atama zəng vurmaq istədim, amma iki dəfə infarkt keçirtdiyini nəzərə alıb vaz keçdim. Başa düşdüm ki, başıma hadisə gəlib və bu vəziyyətdən özüm çıxmalıyam. Bilmirdim ki, yaralıları yerbəyer edim, ya da özümlə məşğul olum, radiatorun suyu əlimə dağılmışdı və əlim yanmışdı. Qəzanın təsiri ilə çaşqınlıq içində qalmışdım. Aləm bir-birinə dəymişdi, 500 nəfərə eyni anda söz çatdırmalısan. Və hadisədən 10 dəqiqə sonra Rövşən özü mənə zəng vurub dedi ki, özünü qorxutma. Hardan və necə xəbər tutduğunu bilmədim. 2 nəfər dostunu göndərmişdi ki, bizə yardım etsin. Anında məni o vəziyyətdən çıxartdılar. Qəzanın üstündən 12 il keçməsinə baxmayaraq, onlara hələ də dua edirəm. Rövşən ən xırda problemli situasiyada və sıxıntıda öz doğması kimi məni hiss edir.

- Eyni narahatçılıq və hissiyyat sizdə də var?

- Var, amma onda daha güclüdür.

Fədakarlıq zəif insanın işi deyil


Xəbərə aid fotolar