Aİİ-nin kafedra müdiri UNEC-də məruzə ilə çıxış edib


Digərləri 04 İyn 2019 21:20:00 200 0

Aİİ-nin kafedra müdiri UNEC-də məruzə ilə çıxış edib

Mövzu ilə bağlı suallar cavablandırılıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) icraçı direktorunun müavini Ceyhun Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes və menecment fakültəsinin və Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin birgə təşkil etdikləri “İslam iqtisadiyyatı, sosial ədalət və multikultural dəyərlər” mövzusunda elmi seminarda iştirak ediblər. İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov seminarın mövzusunun aktuallığına diqqət çəkərək, ölkəmizin islami dəyərləri qoruyub saxladığını və təbliğ etdiyini bildirib. Bu dəyərlərin təməlində tarix, adət-ənənələr, milli mentalitet, mədəniyyət və digər amillərin dayandığını vurğulayıb. İslam iqtisadiyyatının ictimaiyyətdə sosial ədaləti təmin etmə əsasında nizamlandığından bəhs edən Əhməd Niyazov bunun mərkəzində insan amilinin dayandığını vurğulayıb. Kafedra müdiri qeyd edib ki, fərdin yaşadığı məkanda və ətrafında olan yetim, yoxsul, kasıb və ehtiyac sahiblərinə qarşı xeyirxah və qayğıkeş davranması onun sosial məsuliyyətidir. Ə.Niyazov İslamda zəkat, xüms, fitrə, fidyə, nəzir və kəffarə kimi ibadət növlərindən danışarkən bildirib ki, bu ibadətlər ehtiyac sahiblərinin məişətinin yaxşılaşdırılması məqsədini güdən tətbiq sahəsidir. Ceyhun Əliyev İslam dinində iqtisadi münasibətlərin ədalət və dürüstlük prinsiplərindən bəhs edib. Dini-mənəvi dəyərlərin bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də qarşılıqlı hörmət və ehtirama çağırış etdiyini deyib.