Komitə sədrinin müavini: "Dünyada din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər"


Digərləri 04 İyn 2019 19:37:00 261 0

Komitə sədrinin müavini: "Dünyada din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər"

Dünyada din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Xızı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda keçirilən tədbirdə Komitənin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, müasir dövrdə bir çox dövlətlər dini ekstremizm və terrordan ciddi əziyyət çəkir.

G.İsmayılov deyib ki, terror hadisələri səbəbindən dünyanın bəzi regionlarında ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, eləcə də tarixi memarlıq abidələri dağıdılır.

Sədr müavininin sözlərinə görə, son illərdə dünyada regional və qlobal müstəvidə baş verən hadisələr onu deməyə əsas verir ki, dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunur. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.