Azərbaycan ilk dəfə Avropanın ən böyük nəqliyyat sərgisində təmsil olunur


Digərləri 04 İyn 2019 17:38:10 178 0

Azərbaycan ilk dəfə Avropanın ən böyük nəqliyyat sərgisində təmsil olunur

Almaniyanın Münhen şəhərində “Nəqliyyat və logistika” sərgisi keçirilir.

Bakı. Almaniyanın Münhen şəhərində “Nəqliyyat və logistika” sərgisi keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, bu sərgi Avropada miqyasına görə ən böyük hesab olunur, dünyada isə ilk beşliyə daxildir. Bir ildən bir keçirilən bu tədbirdə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətləri təmsil olunur. 4-7 iyun tarixlərində Münhen Messe mərkəzində keçirilən sərgidə ilk dəfə olaraq, Azərbaycanın milli stendi quraşdırılıb. “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkil etdiyi Azərbaycanın milli stendində hər üç qurumun nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanları və üstünlükləri barədə ətraflı məlumat verirlər. Həmçinin, əməkdaşlığa dair görüşlər keçirilir, danışıqlar apararılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti innovativ məhsulları, xidmətləri və imkanları təqdim edir.