Ombudsmanın təşəbbüsü ilə Çilov adasında maarifləndirmə tədbiri həyata keçirilib (FOTO)


Digərləri 04 İyn 2019 15:44:00 219 0

Ombudsmanın təşəbbüsü ilə Çilov adasında maarifləndirmə tədbiri həyata keçirilib (FOTO)

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilir.

Bakı. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilir. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, aylıq çərçivəsində paytaxtda və regionlarda müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda dəyirmi masa, seminar, konfrans və maarifləndirmə tədbirləri təşkil edilir. Hüquqi maarifləndirmə məqsədi daşıyan növbəti tədbir Pirallahı rayonu İcra hakimiyyətinin dəstəyi ilə Çilov adasında yerləşən Azərbaycanın Milli Qəhrəmanı R.İbrahimov adına 131 saylı tam orta məktəbdə həyata keçirilib. Tədbirdə Ombudsman Apartının əməkdaşları Faiq Ağayev, İlahə Əfqanlı, Dilşad İsmayılova, Pirallahı rayon icra hakimiyyətinin nümayəndəsi Hikmət Şikarov, məktəbin direktoru Rafail Musayev, şagirdlər və müəllimlər iştirak edib. Aparatın şöbə müdiri F.Ağayev bu günlərdə qeyd etdiyimiz 28 may Respublika günü və 1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günü, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə Müvəkkilin adından məktəb kollektivini təbrik edib və xoş arzularını bildirib. Ombudsmanın öz səlahiyyətləri çərçivəsində uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyi, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqların bərpasının Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi diqqətə çatdırılıb. Daha sonra Aparatın əməkdaşları tərəfindən Uşaq hüquqları üzrə pilləli tədris proqramına müvafiq olaraq qruplarda şagirdlərlə interaktiv formada təlim keçirilib, onlara uşaq hüquqlarının yaranma tarixi, beynəlxalq və milli qanunvericilik, uşaq hüquqlarını müdafiə edən qurumlar barədə geniş məlumat verilib, Uşaq Hüquqları Konvensiyasında təsbit olunan maddələr ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.