“Hacı Murad oğurluğu” ilə bağlı yeni faktlar


Digərləri 04 İyn 2019 13:31:00 316 0

“Hacı Murad oğurluğu” ilə bağlı yeni faktlar

Qax rayonunda Şeyx Şamilin yaxın silahdaşı olmuş Hacı Muradın qalıqlarının qəbirindən oğurlandığı məlum olub.

Son.az xəbər verir ki, bu xəbəri oxu.az-a Qax Rayon Polis İdarəsindəki məlumatlı mənbə təsdiq edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hacı Muradın qalıqlarının ölkədən çıxarılmasına dair yayılmış xəbərlər isə həqiqəti əks etdirmir. Belə ki, oğrular nəzarətdən yayınıb sərhədi keçə bilməzlər. Dağıstanın rəsmi şəxsləri də naibin sümüklərinin Xunzaxda basdırılması xəbərini inkar edir.

Sirli oğurluğun iştirakçılarının şəxsiyyəti hələ də məlum deyil. Onların tapılması istiqamətində iş aparılır.

Qeyd edək ki, mayın 30-da sosial şəbəkələrdə Maqomed Əmirxanov adlı birinə (Xunzax kəndinin dəfn məsələləri üzrə təşkilat komitəsinin sədri - red.) istinadən məlumat yayılmışdı ki, Şeyx Şamilin silahdaşının qalıqları Dağıstanda basdırılacaq.

Son iki gündə isə Rusiya mətbuatı Hacı Muradın qalıqlarının Dağıstana aparıldığı və Xunzax rayonunda basdırıldığını yazır. Hətta yayılan videoda Azərbaycanda naibin məzarının qazıldığı görünür. Hacı Muradın qalıqlarının mayın 31-də Azərbaycandan qeyri-qanuni yolla aparıldığı ehtimal edilirdi.

Sosial şəbəkələrdə iddia olunurdu ki, bu qalıqları Dağıstanın Tselmes kəndindən olan bir qrup gənc oğurlayıb.


Xəbərə aid fotolar