İkinci məktub: Tramp Azərbaycan həqiqətlərini açır


Siyasət 03 İyn 2019 17:54:00 193 0

İkinci məktub: Tramp Azərbaycan həqiqətlərini açır

Son.az newtimes.az-ın yazısını təqdim edir:

Amerikanın dövlət başçısı Donald Tramp Azərbaycan Prezidentinə qısa müddətdə iki məktub ünvanlayıb. Müasir qlobal geosiyasi proseslərin sürətli dəyişməsi və xeyli ziddiyyətli məqamların meydana gəlməsi fonunda bu, çox maraqlı təsir bağışlayır. ABŞ-ın Prezidenti hər iki məktubunda qısa formada olduqca vacib geosiyasi, iqtisadi və enerji məsələlərinə toxunub. O, konkret ifadə edib ki, Azərbaycan regionun ən uğurlu dövlətidir və liderdir. İndi liderliyi daha da genişləndirmək zamanıdır. Yəni rəsmi Bakı həyata keçirdiyi uğurlu siyasəti daha da inkişaf etdirib, böyük bir geosiyasi məkanda lider rolunu oynaya bilər. Sanki D.Tramp bütün dünyaya Azərbaycan həqiqətlərini fenomen olaraq açır. Bu fikirlərin fonunda ikinci məktubun tezisləri üzərində geniş dayanmağa ciddi ehtiyac vardır.

Böyük maraq: Trampın Cənubi Qafqazın liderinə mesajları

ABŞ Prezidentinin qısa bir müddətdə Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub ünvanlaması siyasət aləmində maraqla qarşılanıb. Ekspertlər Donald Trampın adətən "Tvitter diplomatiyası" apardığını vurğulayırlar. Ancaq o, ciddi hesab etdiyi və əhəmiyyət verdiyi məsələlərdə kifayət qədər peşəkar hərəkət etdiyini də nümayiş etdirir. Prezident İlham Əliyevə yazdığı iki məktubda lakonik və səmərəli təklifləri ilə daha çox maraq doğurub. Əhəmiyyətlidir ki, bu məktubların məzmunu bir-birini tamamlayır. Onlar arasında zərrə qədər də ziddiyyət yoxdur.

Məsələ ondan ibarətdir ki, Respublika Günü münasibəti ilə yazılan məktubda ifadə edilən fikirlər Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlə bağlı ünvanlanan məktubda daha da konkretləşdirilir və eyni zamanda, Azərbaycanın geosiyasi rolu üzərində dayanılır. Azərbaycanın əldə etdiyi nəticələrin D.Tramp tərəfindən qiymətləndirilməsi sözün həqiqi mənasında digər böyük dövlətlərin başçıları üçün də bir nümunə ola bilər.

İkinci məktubu məntiqi, məzmunu və məqsədinə görə şərti olaraq üç hissəyə ayırmaq mümkündür. D.Tramp öncə Azərbaycanın əldə etdiyi nailiyyətlərə geosiyasi qiymət verir. ABŞ Prezidenti yazır: "Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir".

Buradan görünür ki, Amerika Azərbaycanı firavan ölkə kimi qəbul edir. Bu, birbaşa ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf kursunun çox uğurlu olduğuna dəlalət edir. Azərbaycanın firavanlığı əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə bərabər daxili sabitliyin təmin edilməsi ilə də sıx bağlıdır. Daxildə sabitlik olmadan hər hansı inkişafdan söhbət gedə bilməz. D.Tramp məsələnin bu tərəfini qabartmaqla ölkə rəhbərliyinin müasir tələblərə cavab verən və ziddiyyət yaratmayan siyasət reallaşdırdığını etiraf edir.

Bu kontekstdə Azərbaycanın qlobal iqtisadiyyata bağlı olması xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazda indi müşahidə edilən geosiyasi proseslərin fonunda bu, son dərəcə vacib məqamdır. Belə ki, Cənubi Qafqazın digər dövlətləri xarici siyasətin birtərəfliliyi ucbatından ziddiyyətli situasiyalara düşürlər. Ermənistan isə qəfəsə düşmüş siçovul kimi qapalı dairədə fırlanır. Nikol Paşinyana olan ümidlər də boş vədlərin fonunda sabun köpüyü kimi dağıldı. İndiyə qədər Ermənistan rəhbərliyi konkret nəticəsi olan layihə təklif edə bilməyib. Kimsə də onunla iş görməyə həvəsli deyil. Azərbaycan isə tamamilə başqa səviyyədədir.

Amerikanın dövlət başçısı bəyan edir ki, Azərbaycan firavandır və eyni zamanda, qlobal iqtisadiyyata bağlıdır! Qlobal iqtisadiyyata bağlılıq mühüm faktordur. Belə ki, müstəqilliyini əldə etmiş dövlətlərin dünyanın daha inkişaf etmiş hissəsinə inteqrasiyası olduqca yaradıcı işlər görməyi tələb edir. Burada iqtisadi infrastrukturun yeniləşdirilməsindən tutmuş idarəetmənin və dövlətlərarası münasibətlərin elə səviyyəsinə çatmaq lazım gəlir ki, sistemə uyğunlaşa biləsən. Azərbaycan qlobal iqtisadiyyata həyata keçirdiyi çox sayda təşəbbüsləri, sanballı və ünvanlı islahatları, yüksək səviyyəli diplomatik fəaliyyəti sayəsində inteqrasiya ola bilib. Bunun üçün Ulu Öndər və sonra Prezident İlham Əliyev çox böyük əmək sərf ediblər. Nəticə isə bütün xalq, dövlət və vətəndaş üçün faydalı olub. D.Tramp məhz bu uğuru görə bilib.

Təklif: yeni liderliyə birgə gedək!

Daha maraqlısı odur ki, Amerika Prezidenti Azərbaycanın bu uğurlarının beynəlxalq miqyasda verəcəyi töhfələrin geosiyasi və iqtisadi aspektlərini də çox perspektivli sayır. O, məktubunda vurğulayır: "Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır". D.Tramp həyata keçirilən siyasətin Azərbaycanı Cənubi Qafqazın lideri halına gətirdiyini aksiom olaraq qəbul edir. Üstəlik, bu liderliyin potensialının ancaq regionla məhdudlaşmadığını ifadə edir. Əksinə, bu vəziyyət Azərbaycana elə bir şans verir ki, o, daha geniş geosiyasi məkanda lider ola bilmək imkanı əldə edib. Burada "imkan" anlayışını da geniş anlamaq gərəkdir. O, Azərbaycanın təkcə daxili deyil, həm də xarici siyasətinin yüksək potensialının olduğunu göstərir. Bu potensial iki aspektdə özünü büruzə verir.

Birincisi, Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib. Bizə dost olmaq istəməyən dairələrin iddialarının əksinə olaraq, xarici siyasətin bu aspekti ölkəmizin liderlik statusuna yüksəlməsinə belə təkan verir. Deməli, xarici siyasət həm səmərəli, həm müasir, həm də kreativ xarakterə malikdir.

İkincisi, xarici siyasət məhdud məqsədlərə istiqamətlənməyib, bütün dünyanı əhatə edə biləcək məqsədlərin izindədir. Bu tam uğurlu və səmərəli proses indi o səviyyədədir ki, Xəzərin o tayı ilə yanaşı, ətraf dənizlərin sahillərində yerləşən ölkələrin də yolu Azərbaycandan keçə bilər. Burada təbii ki, əsas məsələ coğrafi mövqedə deyil. İlk sırada Bakının yeritdiyi siyasətin incəliklərinin qlobal tələblərə uyğunluğundadır. Bununla D.Tramp erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən dairələrin Azərbaycana qarşı məkrli planlarını və qərəzli kampaniyalarını alt-üst edir. Azərbaycan regional lider kimi bir neçə regionun lideri olmaq şansı əldə edib. Ermənistan bu prizmadan necə də zavallı və miskin görünür!

D.Tramp bunlarla məhdudlaşmır. O, Vaşinqtonun bu prosesdə Azərbaycan rəhbərliyinə tam dəstək verdiyini ifadə edir. Amerikanın dövlət başçısı yazır: "Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir". Çox əhəmiyyətli fikirlərdir.

D.Tramp ifadə edir ki, Birləşmiş Ştatlar xarici sərmayələrin Azərbaycana cəlb edilməsi istiqamətində rəsmi Bakının atdığı addımları böyük razılıqla qarşılayır və onları çox önəmli sayır. Azərbaycan rəhbərliyi xarici sərmayələrin təşviqi prosesini də uğurla aparmaqdadır. Həmin səbəbdən ABŞ Azərbaycana daha çox sərmayə yatırmaqla yanaşı, Azərbaycan Prezidentinin reallaşdırdığı islahatlara da dəstəyini artırmaqda qərarlıdır. Həm də ona görə ki, Vaşinqton Azərbaycanın iqtisadi uğurunun bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəyinə əmindir.

Sonuncu məqamı D.Tramp məktubunda bir daha önə çəkir. ABŞ Prezidenti vurğulayır ki, "Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram". Burada isə anti-Azərbaycan mövqeli mərkəzlərin və "beşinci kolon"un çirkin kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdlərinə sərt bir cavab vardır. Amerika hesab edir ki, Cənubi Qafqazın daha dinc, demokratik və firavan olması yolunda Azərbaycan lider kimi çalışır, ABŞ bu məsələdə ona dəstək verir.

Bunlar ciddi geosiyasi tezislərdir. Azərbaycan regionun sabitliyi, demokratikləşməsi və daha sıx əməkdaşlıq səviyyəsinə yüksəldilməsi prosesində aparıcı rol oynayır. Bakı hazırda bu prosesin lideridir. Onun atdığı hər bir addım region üçün olduqca əhəmiyyətlidir. Çünki Cənubi Qafqazın gələcəyi həmin addımlarla müəyyən edilir.

Təbii ki, buradan regional münaqişələrin həllinə məntiqi keçid vardır. Ermənistan və havadarları nə qədər suyu bulandırsalar da, Azərbaycanın xoş məramı və qətiyyətli iradəsi qalib gələcək. Bütövlükdə region məhz Azərbaycanın təşəbbüsü ilə sabitliyə və inkişafa qovuşacaq!