Türk futbolunda “ulduz müharibələri”


İdman 03 İyn 2019 14:37:00 272 0

Türk futbolunda “ulduz müharibələri”

Yəqin çoxunuz Corc Lukasın “Ulduz müharibələri” trilogiyasına daxil olan filmləri izləmisiniz. Bu dəfə qalaktikada baş tutan ulduz müharibələrindən deyil, yaşıl meydanlarda aparılan ulduz savaşından söz açacağıq. Son günlərdən Türkiyə futbolunda hansı klubun neçə dəfə çempion olması və bu çempionluqları müəyyən edən ulduzların (söhbət klubun loqosunun üzərindəki ulduzlardan gedir) sayı ətrafında növbəti qalmaqal yaşanmaqdadır. İstanbulun Fenerbahçe klubu 1923-cü ildən etibarən 28 ölkə çempionluğunun olduğunu iddia edir. Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytında isə bu rəqəm 19 olaraq göstərilib.

fenerbahçe yıldız ile ilgili görsel sonucu

TFF 1959-cu ildən bəri, yəni ölkədə UEFA standartlarına cavab verən ilk çempionatın başladığı tarixdən etibarən hər kluba 5 dəfə çempion olduğu halda, loqosuna 1 ulduz əlavə etməyə icazə verib. Fenerbahçe klubu isə 1959-cu ildən əvvəlki çempionluqlarının rəsmi şəkildə sayılmaması səbəbi ilə TFF-nin qərarını haqsız hesab edir. Klub rəhbərliyi həm Aziz Yıldırım, həm də Ali Koç dönəmlərində bu məsələni dəfələrə gündəmə gətirsə də, nəticədə TFF uzun illər öncə qəbul edilmiş qərarı dəyişməyib.

 

Nihat Özdəmir nə qərar verəcək?

Yaxın günlərdə bir zamanlar Fenerbahçe-de mətbuatla əlaqələr üzrə vitse-prezident vəzifəsində çalışmış Nihat Özdəmirin Türkiyə Futbol Federasiyasının rəhbərliyinə seçilməsi bu məsələni yenidən gündəmə gətirib. Belə ki, keçmiş Fenerbahçe prezidenti Aziz Yıldırımın sağ əli olmuş Nihat Özdəmir illər öncə çıxışları zamanı bir neçə dəfə ulduz məsələsini ortaya atmış və TFF-dən Fenerbahçe-nin 1959-cu ildən əvvəlki çempionluqlarının hesaba alınmasını tələb etmişdi. Hazırda TFF-nin başına keçən Özdəmirin bu məsələyə necə yanaşacağı İstanbul nəhənglərini və azarkeşlərini yaxından maraqlandırır. Yaxın günlərdə Fenerbahçe klubunun qərarın dəyişilməsi ilə bağlı yenidən TFF-yə müraciət edəcəyi gözlənilir.

 

TFF-nin qərarına görə türk klublarının çempionluq sayı:

  1. Galatasaray 22 dəfə (4 ulduz)
  2. Fenerbahçe 19 dəfə (3 ulduz)
  3. Beşiktaş 15 dəfə (3 ulduz)
  4. Trabzonspor 6 dəfə (1 ulduz)
  5. Bursaspor 1 dəfə

 

61 mövsümdə 63 çempion?        

TFF-nin rəsmi saytında 1959-cu ildən baş tutan çempionatların 61-ə bərabərdir. Amma klubların toplam çempionluq sayı 63 dəfə göstərilib. Məsələni bir az dərindən araşdıran zaman məlum olur ki, TFF Beşiktaş-ın çempionluq sayını 2 dəfə çox göstərib. Belə ki, Türkiyə futbolunun ali qurumu qara qartalların 1956/1957 və 1957/1958-ci illər mövsümlərində ardıcıl olaraq qazandığı Fedarasiya kuboklarını da Beşiktaşın çempionluqları kimi hesaba alıb ulduz kriteriyasına daxil edib. 1959-cu ildən əvvələ təsadüf edən bu 2 çempionluq Beşiktaş-a Türkiyəni avrokuboklarda təmsil etməsi səbəbi ilə verilib. Fenerbahçe tərəfi də TFF-nin bu qərarını əsas gətirərək 1959-cu ildən əvvəlki bütün çempionluqların Federasiya səviyyəsində tanınmasını tələb edir.

 

beşiktaş yıldız ile ilgili görsel sonucuBeynəlxalq təcrübə

Fenerbahçe bu arqumentlə Türkiyə Futbol Federasiyasının 1923-cü ildə yarandığını əsas gətirərək klubların çempionluq sayının həmin tarixdən hesablanmasını tələb edir. 1923-cü ildən 1959-cu ilə kimi ölkədə Türkiyə Futbol Birinciliyi, Milli Liqa (Milli Küme) adı altında keçirilən çempionatlarda İstanbul, Ankara, İzmir, Eskişehir, Bursa və digər şəhərlərin klubları iştirak ediblər. Nihat Özdəmirdən öncəki TFF rəhbərlikləri sözügedən liqaları və UEFA standartlarına cavab verməməsi səbəbi ilə 1959-cu illdən əvvəlki çempionluqları rəsmi şəkildə tanımır.

Beynəlxalq təcrübə Fenerbahçe klubunun qismən haqlı olduğunu göstərir. Məsələn, İngiltərə Premyer Liqası 1992-ci ildən keçirilsə də, ölkənin futbol federasiyası klubların köhnə formatda keçirilmiş turnirlərdə (Məsələn, I Divizionda) bütün çempionluqlarını rəsmi şəkildə qeydə alıb. Hələ UEFA-nın mövcud olmadığı illərdə Arsenal, Everton, Liverpool və digər klubların I Divizionda əldə etdiyi çempionluqlar rəsmi şəkildə tanınmaqdadır. Bu qayda İtaliya, Almaniya, Fransa, İspaniya, Hollandiya kimi nəhəng futbol ölkələrində də keçərlidir.

TFF Fenerbahçe-nin leyhinə qərar verərsə, sarı-lacivərdlilər çempionluq və ulduz sayında əzəli rəqibi Galatasaray-ı geridə qoymuş olacaq. Bu məsələyə ən çox etiraz edən də elə Fenerbahçe-nin əzəli rəqibi Galatasary-dır. Cimbomdan fərqli olaraq digər İstanbul nəhəngi Beşiktaş isə Fikrət Ormanın yenicə klub prezidenti seçildiyi dönəmlərdə Fenerbahçe-nin bu məsələni qaldırmasına dəstək vermişdi. Trabzonspor rəsmiləri bu günə kimi sözügedən məsələ ilə bağlı heç bir fikir söyləməyiblər.

        

1923-cü ildən bu günə kimi...

TFF türk klublarının 1923-1959-cu illər aralığındakı çempionluqlarını rəsmi şəkildə tanısa və ulduz kriteriyalarına daxil etsə, mövcud vəziyyət belə olacaq:

  1. Fenerbahçe 28 dəfə (5 ulduz)
  2. Galatasaray 23 dəfə (4 ulduz)
  3. Beşiktaş 20 dəfə (4 ulduz)
  4. Trabzonspor 6 dəfə (1 ulduz)
  5. Gənclərbirliyi (Ankara) 2 dəfə
  6. Harbiyye (İstanbul) 2 dəfə
  7. Bursaspor 1 dəfə
  8. Ankaragücü 1 dəfə
  9. Göztəpə (İzmir) 1 dəfə

10. Günəş (İstanbul) 1 dəfə

10. Dəmirspor (Ankara) 1 dəfə

 

Fenerbahçe-nin 5 ulduzlu klub olma ehtimalı

Qatı Fenerbahçe azarkeşi olan və bir vaxtlar klubda müxtəlif vəzifələrdə çalışmış Nihat Özdəmirin verəcəyi qərar hər şeyi dəyişə bilər. Belə olan halda Fenerbahçe 5 ulduzlu klub olacaq və çempionluq sayında, həmçinin ulduz kriteriyasında əzəli rəqibi Galatasaray-ın önünə keçəcək.

 

Həmidağa Məcidov