Millət vəkili: Daim vətəndaşların qayğıları ilə maraqlanması Prezident İlham Əliyevin xalq arasında nüfuzunu daha da yüksəldib


Digərləri 03 İyn 2019 14:54:38 209 0

Millət vəkili: Daim vətəndaşların qayğıları ilə maraqlanması Prezident İlham Əliyevin xalq arasında nüfuzunu daha da yüksəldib

“Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi bu fikirlər bu gün reallığa çevrilib.

Bakı. Elçin Mehdiyev – “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi bu fikirlər bu gün reallığa çevrilib. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, bu gün Azərbaycan dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. Son 16 ildə əldə olunmuş siyasi və sosial-iqtisadi nailiyyətlər xalqın rifahının təkcə bu gün deyil, gələcəkdə də təmin olunmasına zəmanət verir: “Heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanıb. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Minimum əməkhaqları, pensiyalar, tələbələrə verilən təqaüdlərin artırılması, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzanan sərəncamlar bunu bir daha sübut edir. Dövlətin sosial siyasəti ardıcıl və sistemlidir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir. Eyni zamanda, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana uğurlar qazandırıb, dünya miqyasında tanıdıb". P.Kərimzadənin sözlərinə görə, əhalinin rifahının gücləndirilməsi, sosial problemlərin həlli istiqamətində imzalanan fərman və sərəncamlar, verilən mühüm qərarlar xalqda böyük məmnunluq hissi yaradıb: "Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə ayrılan vəsaitlər xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardandır. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə mehriban görüşü, səmimiyyəti diqqətdən kənarda qala bilməz. Ölkə başçısının sakinlər tərəfindən rəğbətlə, yüksək əhval-ruhiyyə ilə qarşılanması bir daha belə bir reallığa işıq saldı ki, İlham Əliyev hər kəsin Prezidenti, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə daim çıxışlarında qarşıya qoyduğu “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” tapşırığının real həyatda ifadəsidir".