Cahangir Hacıyevin məhkəməsində 95 ton tütün alınması məsələsi qaldırıldı


Kriminal 03 İyn 2019 14:26:00 261 0

Cahangir Hacıyevin məhkəməsində 95 ton tütün alınması məsələsi qaldırıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Məhkəmədə elan olunub ki, İsmayıl Hidayət-zadə Səlahəddin Qədirovun rəhbəri olduğu "Aygün İnşaat"dan 82 min manatlıq - 95 ton tütün alıb.

Faktı inkar edən təqsirləndirilən S.Qədirov isə bildirib ki, heç vaxt tütün biznesi ilə məşğul olmayıb və istintaqda sənədləri oxumadan qol çəkib.

Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.