Yardımlıda arvadın sifarişi ilə əri öldürənlərə 54 il cəza verildi


Kriminal 03 İyn 2019 13:55:00 230 0

Yardımlıda arvadın sifarişi ilə əri öldürənlərə 54 il cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aqil Baxşiyev, Vəfalı Əliyev və Nailə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Baxşiyev 18 il 6 ay, V.Əliyev 18 il və N.Ağayeva isə 17 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 29-da Yardımlı rayonundakı meşə zolağında yerli meşəbəyi "UAZ-469" markalı avtomobilin yanında parçalanmış insan meyiti aşkarlayıb.

Meyiti yırtıcı heyvanlar - canavarlar parçalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs Lerik rayon sakini Mail Ağayevdir.

İstintaq zamanı məlum olub ki, qətl hadisəsini M.Ağayevin 43 yaşlı həyat yoldaşının sifarişi ilə yaxın qohumları olan 22 yaşlı Lerik rayon sakini A.Baxşiyev və 25 yaşlı Bakı şəhər sakini V.Əliyev törədiblər.