"Azərbaycanla oyunun nəticəsi bizdən asılı olacaq"


İdman 03 İyn 2019 10:19:00 202 0

"Azərbaycanla oyunun nəticəsi bizdən asılı olacaq"

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi iyunun 8-də Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunu barədə danışıb.

Goal.az xəbər verir ki, italiyalı mütəxəssisin fikrincə, ev sahibləri meydana hücum ovqatında çıxacaqlar və təzyiq göstərmək istəyəcəklər. Lakin o, komandasının oyuna köklənərək, motivasiya olunduğunu vurğulayıb: "Mayın 28-dən 4 dəfə yığmanın Telkidəki bazasında çalışaraq, lazımi işləri görmüşük. Amma bir çox futbolçumuzun bizimlə olmamasından irəli gələn ehtiyatlanmalarımız var. Bu həftənin əvvəlindən müdafiəçilərimiz də daxil olmaqla, bütün komandaya ümid edə bilərik. Qarşıdakı oyunun nəticəsi, ilk növbədə, bizim çıxışımızdan asılı olacaq.

55 yaşlı baş məşqçinin sözlərinə görə, dəvətlilərdən Tamaş Kadar və Barnabaş Bese yığmanın düşərgəsinə zədəli gəlib. Botond Barat isə komandaya iyunun 1-də qoşulub.

Rossi hazırda inşa olunan və AVRO-2020-nin qrup mərhələsinin 3, 1/8 final mərhələsinin isə 1 oyununu qəbul edəcək "Puşkaş Arena"da gördüklərindən heyran olduğunu və Macarıstan millisinin gələn il bu arenada da təşkil olunacaq Avropa çempionatının oyunlarına çıxa biləcəyinə ümid etdiyini də əlavə edib.

Qeyd edək ki, iyunun 8-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək. Macarıstan 2 oyundan 3 xal topladığı halda, Azərbaycan keçirdiyi yeganə matçdan xalsız ayrılıb.