Bir yerdə səyahət etməyi sevən cütlük Səyyah FOTO


Digərləri 03 İyn 2019 04:30:00 248 0

Bir yerdə səyahət etməyi sevən cütlük  Səyyah  FOTO

Şahnaz Əhmədova: "Ən böyük arzularımdan biri Çinə gedib böcək salatı yeməkdir"

Hüseyn İsmayılov: "Səyahət edən üçün rahatlıq yox, daha çox yer görmək əsas olmalıdır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu il Balkan ölkələrini avtobusla gəzməyi planlayırlar və həmin səyahəti 1000 avro ilə başa vura biləcəklərini deyirlər. Getdikləri hər ölkədə fərqli yeməkləri dadmağı sevirlər. Düşünürlər ki, səyahətə bir neçə ay əvvəldən hazırlaşmaq lazımdır. Ən yadda qalan və sevilən şəhərləri isə Florensiyadır. "Səyyah" rubrikamızın bu dəfə ki qonaqları rəqəmsal marketinq mütəxəssisi Şahnaz Əhmədova və həyat yoldaşı hüquqşünas Hüseyn İsmayılovdur.   Cütlüyümüzü uzun müddət idi ki, sosial şəbəkədə izləyir, səyahətləri haqqında olan paylaşımlarını bəyənirdim. Ona görə qərara gəldim ki, onlarla səyahətləri haqqında müsahibə edək. Əvvəlcədən deyim ki, xanım müsahibim daha dilli-dilavərdir. Söhbətimiz zamanı anladım ki, ucuz qiymətə səfər etməyin yollarını çox yaxşı bilir.

İstanbula həmin dövrdə vuruldum   Şahnaz deyir ki, birlikdə ilk səfərləri Türkiyənin İstanbul şəhərinə olub və Yeni ili orada qarşılayıblar: "Həmin dövrdə Hüseyn Kiprdə oxuyurdu və mən də Gürcüstana təhsil almağa gedəcəkdim. Təklif etdi ki, Gürcüstana getməmişdən əvvəl kiçik bir səyahət edək. Pulumuzu yığıb 3-4 günlük İstanbula getdik. Təsadüfən də dekabrın son günləri idi deyə, Yeni ili də orada qarşıladıq. İstanbula həmin dövrdə vuruldum. Çünki həm hava çox qəşəng idi, həm də sevdiyim insan yanımda idi (gülür).   Hüseyn deyir ki, həmin dövrdən Yeni ili hər dəfə başqa ölkədə keçirməyi qərara alıblar: "İlk səyahətimiz zamanı ikimiz də tələbə idik, həm də hələ evlənməmişdik deyə səyahət zamanı bəzi çətinliklər olurdu. Məsələn, hər dəfə Şahnazın ailəsindən icazə almaq məsələsi var idi (gülür). Amma ailə qurduqdan sonra daha rahat olduq. Çalışırıq heç olmasa, ildə ən azı iki dəfə səyahət edək".    Cütlük indiyə qədər 16 ölkə, 40-a yaxın şəhərdə olub. Şahnaz deyir ki, Gürcüstanın gəzmədikləri bir yeri qalmayıb: "Türkiyə, Gürcüstan, Macarıstan, Sloveniya, Yunanıstan, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, İran, İtaliya, Vatikan, Bolqarıstan, Ukrayna, Kipr, Rusiya və s. ölkələrdə olmuşuq. Digərlərinin adlarını xatırlamaq üçün gərək xəritəni nəzərdən keçirim. Bəlkə də ölkə sayı kimlərəsə az gələ bilər, amma biz getdiyimiz ölkənin bir şəhəri ilə kifayətlənmirik, bir neçə şəhərini gəzməyə çalışırıq. Ona görə ölkə sayı az, şəhər çoxdur. Bu ölkələr içərisində hər bir qarışını əzbər bildiyim Gürcüstandır. Çünki orada oxuduğum müddətdə Hüseyn gəlirdi və ölkənin hər yerini gəzirdik".

Söz vermişəm ki, onu sinaqoqa aparacağam   Elə bu məqamda Hüseyn bəy Şahnazın sözünü kəsərək "amma Tiflisdə məni sinaqoqa aparmadın" deyib gileylənir. Şahnaz isə, "inanın, hər dəfə Gürcüstan söhbəti açılanda bu, yadına düşür" deyib, gülərək sözünə davam edir: "Bir dəfə sinaqoqun qarşısından keçirdik. Hüseyn dedi ki, gəl girək içinə baxaq. Orda da nə isə tədbir var idi, təklif etdim ki, gedək, gəzək və bu yolu qayıdanda girib baxarıq. Tərslikdən də biz qayıdanda artıq gec idi və sinaqoq bağlanmışdı. Elə o gün, bu gündür hər dəfə Gürcüstan söhbəti açılanda, deyinir ki, onu sinaqoqa baxmağa qoymadım. Əslində, ondan sonra bir neçə dəfə də Gürcüstana getmişik, amma nədənsə yolumuz həmin yerdən düşmür. Amma söz vermişəm növbəti dəfə Gürcüstana gedəndə onu sinaqoqa aparacam (gülür)".    Səyahətdə ən önəmli məsələlərdən biri də maddi tərəfidir. Hüseyn bəy deyir ki, səyahət zamanı rahatlığa yox, daha çox yer görməyə üstünlük verirlər, ona görə ucuz səyahət növündən istifadə edirlər: "İkimiz də işləyirik, müəyyən dərəcədə gəlirimiz var, qənaət edərək səyahətlərimizi ucuz təşkil etməyə çalışırıq. Bu işdə Şahnaz çox yaxşıdır. Səyahətimizi çox əvvəldən planlayırıq və ciddi araşdırma edirik. Tutaq ki, İtaliyaya getməyi nəzərdə tuturuq. Ucuz nəqliyyatı, aviaşirkəti, orada qalacağımız ucuz hostelə qədər hər şeyi araşdırırıq. Səyahət edən üçün rahatlıq yox, daha çox yer görmək əsas olmalıdır. Yəni daha ucuz hosteldə qal, amma daha çox yer gəz. Rahatlığın üçün bir ölkədə xərcləyə biləcəyin pulla, qənaət edib iki ölkəni gəzə bilərsən. Yeməyə də elə çox pul xərcləməməyə çalışırıq. Məsələn, bir öynəni milli mətbəxdən yeyirik, digərlərini 1-2 avroluq yeməklə keçiririk. Biz göz qırpmadan bir muzeyə 30-40 avro veririk, amma yeməyə o qədər pul xərcləmirik (gülür). Digər tərəfdən, otelə sırf gecə yatmağa gedirik deyə, çoxulduzlu otelə getmirik. Daha çox hostellərə üstünlük veririk. Hətta bütün gecəni gəzdiyimiz ölkələr belə olub".

Bəzən oxuduqlarımızla gördüklərimiz üst-üstə düşmür   Həmsöhbətim səyahətdən öncə Şahnaz xanımın gedəcəkləri ölkə ilə bağlı araşdırma etdiyini dedi. Maraqlıdır, bu araşdırma necə olur? Şahnaz deyir ki, mütləq şəkildə araşdırmaya ehtiyac var və araşdırmaya aylar əvvəldən başlamaq lazımdır: "İlk olaraq xəritəyə baxış keçiririk, sonra həmin ölkə haqqında bloq yazılarını oxuyuruq. Yəni ən azından qiyabi də olsa, harada qalmaq, nə yemək, hansı nəqliyyatdan istifadə etmək lazım olduğunu bilirik. Həmin ölkənin insanları haqqında oxuyuruq. Düzdür, bəzən oxuduqlarımızla gördüklərimiz üst-üstə düşmür, amma yenə də getməmişdən öncə araşdırmaq vacibdir. Mətbəximizin divarından dünya xəritəsini asmışıq və bütün günü o xəritəyə baxırıq. Səyahətlərimizi daha çox yay tətilində edə bildiyimiz üçün fevraldan planlamaya başlayırıq. Ölkəni müəyyənləşdirdikdən sonra növbəti mərhələdə nəqliyyatı, qalacağımız yeri araşdırırıq. Hansı yolla getmək daha ucuz başa gəlirsə, onu seçirik, həmçinin, hostelin də ən ucuzunda qalırıq".


Xəbərə aid fotolar