İsrail qırıcıları və vertolyotları Suriyaya hücum etdi


Dünya 02 İyn 2019 11:10:00 191 0

İsrail qırıcıları və vertolyotları Suriyaya hücum etdi

İyunun 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxı Dəməşqə növbəti hücum həyata keçirib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu hücum Suriya ərazisindən İsrail işğalı altında olan Qolan təpələrinə endirilmiş raket zərbələrinə cavabdır.

İsrail Müdafiə ordusu vertolyotlardan və qırıcılardan istifadə etməklə Qolan təpələri rayonunda Suriya müşahidə postlarına, habelə iki artilleriya batareyasına və bir hava hücumundan müdafiə bazasına zərbələr endirib. Habelə SA-2 zenit raketləri batareyasının vurulduğu bildirilir.

Suriya ordusunun Qolan təpələrindəki İsrail mövqelərinə raket zərbələri zamanı ziyan dəymədiyi bildirilir. Məlumata görə Suriya tərəfi "Qrad" tipli raketlərdən deyil, daha uzaqmənzilli raketlərdən istifadə edib. İsrailin raketdən müdafiə sistemi işə düşüb və Suriya raketlərinin İsrailin nəzarətində olan ərazilərə düşməsi faktı qeydə alınmayıb.

Suriyanın rəsmi SANA agentliyi İsrailin raket zərbələrini təsdiqləyib. Bildirilir ki, İsrail aviasiyası Dəməşq ətrafındakı Kuneytra rayonuna bir neçə raket zərbəsi endirib. Bu zaman 3 hərbçi həlk olub, 7-i yaralanıb. Maddi ziyan dəyib. Bildirilir ki, Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri İsrail raketlərinin bir neçəsini zərərsizləşdirib. Sosial şəbəkələrdə Suriya paytaxtının ətrafında partlayışlara dair videokadrlar da yayılıb.