MəscidulƏqsanın kökləri hara gedib çıxır?


Digərləri 01 İyn 2019 21:40:00 302 0

MəscidulƏqsanın kökləri hara gedib çıxır?

Məscidul-Əqsa - müsəlmanların ilk qibləsi və İslam aləminin diqqət etdiyi xüsusi məkandır. Böyük əhəmiyyətə və dəyərə malik bir yerdir. Bu müqəddəs yerin hər bir bucağı tədqiq edilmişdir və burada peyğəmbərlərin olduğu sübuta yetirilmişdir.

Həmçinin İslam Peyğəmbəri (s) meraca gedən zaman bu yerə xüsusi diqqət yetirmişdir. Bu məkan həm tarixi cəhətdən və həm də hazırkı siyasi və ictimai nəzərdən mühüm bir yer sayılır.

Qüds şəhəri həm müsəlmanlar, həm xristianlar və həm də yəhudilər üçün əhəmiyyətli bir şəhərdir. Qüds bu üç dinin yaranma məkanıdır və peyğəmbərlərin (ə) bir çoxu bu şəhərdə uzun müddət yaşamışdılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət İbrahim (ə), Həzrət Yəqub (ə), Həzrət İshaq (ə), Həzrət İsa (ə), Həzrət Yəhya (ə), Həzrət Zəkəriyya (ə), Həzrət Salehin (ə) bu şəhərlə əlaqəsi və rabitəsi olmuşdur. Çox sayda hədis vardır ki, Həzrət Adəmin (ə) və Həzrət Nuhun (ə) evi ilə bu şəhərin arasında bir rabitə olduğuna işarə edir.

Hədislərin birində oxuyuruq ki, Həzrət Adəm (ə) Qüds şəhəri ilə Həzrət İbrahim məscidi arasındakı mağarada torpağa tapşırılmışdır.

Həmçinin nəql edilir ki, Nuhun gəmisi son dayanacaqda Beytul-Müqəddəsə çatır. Allahın izni ilə dilə gəlib deyir: "Ey Nuh! Bu Beytul-Müqəddəs və peyğəmbərlərin sakin olduğu məkandır". Sam ibni Nuh bu yeri inşa etmiş və orada hökumət etmişdir. Onun ləqəbi Mələki Sadiq olmuşdur.

Abdullah ibni Ömər nəql edir ki, peyğəmbərlər Beytul-Müqəddəsi inşa etmişdilər, orada yaşamışdılar. Məqatil ibni Süleymanın dediyinə görə bu yerin hər vəcəbi (ölçü vahidi) peyğəmbərlərin (ə) və mələklərin səcdə yeri olmuşdur.

Allah Təala buyurur: "Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi, bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir". ("Ali-İmran" 3-4).

Allah Təala bu ayədə İslamdan əvvəlki dinləri tanıtmaq istəyir. Başqa yerdə belə buyurulur: "(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanunda məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir". ("Şura" 13).