Tövhid şüarı üç hərfdən təşkil olub


Digərləri 01 İyn 2019 20:45:00 211 0

Tövhid şüarı üç hərfdən təşkil olub

"İxlas" surəsində Allahın tövhidindən və yeganəliyindən söz açılmışdır. İmam Sadiq (ə) buyurur: "Tövhid" surəsi Allah Təalanın nisbətini (sanki şəxsiyyət vəsiqəsini) bəyan edir".

Bu surəyə "İxlas" , "Tövhid", "Vilayət" surəsi də deyirlər. Çünki bu surə ən xalis tövhid əqidəsinə şamil edilir. Ona görə də belə adlandırılmışdır. (Tebyan)

Tövhid imanla küfr arasında olan sərhəddir. İman qalasına girmək üçün tövhidə etiraf etmək lazımdır. Həzrət Peyğəmbərin (s) ilk kəlməsi də tövhid olmuşdur. "قولوا لا اله الا اللّه تفلحوا"

Tövhid şüarı üç hərfdən təşkil olmuşdur: ""لا اله الا اللّه" (əlif, lam, ha). Elə bir zikrdir ki, deyilən zaman dodaqlar tərpənməz. Əməldə isə şərti - Məsum İmama (ə) təqlid etməkdir. Çünki tövhidin şərti İmam Rzanın (ə) buyurduğu kimi, Məsum İmama (ə) iman və ona itaət etməkdir.

İmam Rza (ə) Məmunun məcburiyyəti ilə Mədinədən Mərvə hicrət edən zaman yolda Nişapura çatanda insanlar Həzrətin (ə) ətrafına toplaşır və ondan istəyirlər ki, yol göstərsin və onları hidayət etsin. İmam (ə) buyurur: "Atam öz atasından və o, da öz cəddi Peyğəmbərdən (s) nəql edir ki, Allah buyurmuşdur: "Tövhid mənim qalamdır, hər kim bu qalaya daxil olarsa, Mənim qəzəbimdən amanda olar"". Həzrət (ə) buyurur: "Əlbəttə tövhidin şərtləri vardır, yəni tövhid vilayət olmadan qəbul olunmaz".

Qeyb zamanında da Həzrət Vəliyyi-Əsrin (ə) buyurduğu kimi, gərək elə alimlərin sorağına gedək ki, hava və həvəsdən uzaq olsunlar. Ona görə də kamil tövhid Allahın təkliyinə iman bəsləmək, fikri və əməli hər növ şirkdən pak etmək, Məsum İmamların (ə) dövründə onlara təqlid etmək və qeybi zamanı isə adil fəqihlərə müraciət etməkdir.

Bu surə, adından da göründüyü kimi, Allahın yeganəliyindən danışır. Dörd ayədə Allahı elə izah edir ki, əlavələrə ehtiyac qalmır. Bu surənin nazil olması haqqında İmam Sadiq (ə) buyurur: "Yəhudilər Peyğəmbərdən (s) xahiş edirlər ki, Allahı onlar üçün təsvir etsin. Peyğəmbər (s) üç gün sükut edir və heç bir cavab vermir. O zamana qədər ki, bu surə nazil olur və onların cavabını bəyan edir".

Bu surənin tilavət olmasına görə çox sayda fəzilətlər sayılmışdır ki, bu surənin əzəmətindən xəbər verir. Belə ki, Peyğəmbər (s) buyurmuşdur: "Sizlərdən hər kim Quranın üçdə birini bir gecədə oxumağa acizdir?" Orada olanlardan biri deyir: "Ya Rəsulallah! Kimin belə qabiliyyəti var ki?". Həzrət Peyğəmbər (s) buyurur: "Tövhid" surəsini oxuyun".