İnsanlara dəyər, onların əməllərinə görə verilir


Digərləri 01 İyn 2019 19:45:00 232 0

İnsanlara dəyər, onların əməllərinə görə verilir

İslam Peyğəmbərinin (s) və Məsum İmamların (ə) əxlaqı bütün müsəlmanlar üçün bir nümunə və örnəkdir. Torpağın üstündə əyləşməkləri, yoxsullarla bir yerdə yemək yeməkləri, paltarlarını yamamaqları, kiçiklərə və böyüklərə salam verməkləri - bu dahi insanların əxlaqında rast gəldiyimiz təvazökarlıqdır. Onlar yoxsulların dəvətini yerinə yetirərək, onların yeməyindən yeyər, çırıq paltarlarını özləri yamayar və ev işlərində ailə üzvlərinə kömək edərdilər, uşaqlara salam verərdilər. Bir gün bir kişi Peyğəmbərin (s) yanına gəlir və Həzrətin (s) heybətini görən zaman titrəməyə başlayır. Həzrət (s) buyurur: "Rahat ol, mən padşah deyiləm". (Həzvəh)

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) həmişə səhabələrinin arasında əyləşərdi və onlarla o qədər qaynayıb-qarışardı ki, sanki onlardan biridir. Əgər onu tanıyan olmasaydı, bu insanların arasından ayıra bilməzdi. Aişə Həzrətdən (s) xahiş edir ki, yemək yeyən zaman əlini söykəyib, yesin. Həzrət (s) cavab verir: "Bəndələr kimi yeyərəm və onlar kimi əyləşərəm".

Həzrət Peyğəmbər (s) təvazıkarlığa o qədər önəm verərdi ki, özü atda olan zaman kiminsə piyada olmasını istəməzdi.

İmam Əli (ə) əxlaqını oxuyan zaman görürük ki, Həzrət (ə) bazardan xurma alar və sonra da çiyninə alaraq evinə gətirərdi. İnsanlar ona kömək etmək istəyəndə İmam (ə) deyərdi: "Evin rəhbəri bu işə hər kəsdən daha çox layiqlidir".

Məsum İmamların (ə) təvazökarlığı hamı üçün nümunə olmalıdır. Onlar hər zaman təkəbbür sayılan hər bir işdən uzaq olmuşdular. Onların qəlbləri şeytan vəsvəsəsinə və nəfsani istəklərə qarşı qapalı idi. İmam Əli (ə) haqqında oxuyuruq: "Həzrət bir gün səhabələrinin yanına getmək üçün ata minir və hərəkət edir. Yolun ortasında bəzi insanlar onun ardınca getməyə başladılar. İmam (ə) bunu görüb soruşdu ki, nəsə istəyirsiniz? Dedilər: "Yox, ey Əmirəl-möminin (ə). Biz sadəcə sənin yanında olmaq istəyirik. Həzrət (ə) buyurdu: "Yersiz yerə gəlirsiniz. Əgər piyada ata minənin yanında gedərsə, minənin təkəbbür və piyadanın zillət vasitəsi olar".