Çimərliklərdə sağ qalmaq istəyirsizsə...


Digərləri 01 İyn 2019 18:40:00 252 0

Çimərliklərdə sağ qalmaq istəyirsizsə...

Günvurma zamanı ürək, beyin, böyrək, qaraciyər kimi bir çox həyati əhəmiyyət kəsb edən orqanın funksiyası pozula bilər.

Dəniz mövsümü başlamaq üzrədir. Bəzi yerlərdə isə artıq başlayıb. Yayda insanlar sərinlənmək üçün dənizkənarı istirahət mərkəzlərinə, çimərliklərə üz tutur.

Ancaq hər il dənizdə boğulma halları və yaxud istirahət məkanlarında baş verən bədbəxt hadisələrin şahidi oluruq. Bu hadisələrə səbəb isə məsuliyyətsizlik və insanın öz həyatına biganə yanaşmasıdır. Son.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adamlar istirahətlərini planlaşdırdıqları kimi, istirahətə sağ-salamat gedib-qayıtmağı da fikirləşməlidir.

Bu isə onun hansı məkanı seçməsindən başlayır. "Çimərliyə gedən şəxs birinci onu nəzərə almalıdır ki, dövlət tərəfindən qadağan olunan çimərliyə getməməli, hava şəraitini nəzərə alınmalı, çimərlikdə qəbul ediləcək qidalara fikir verilməlidir" - deyə ekspert bildirib.

O əlavə edib ki, dəniz kənarında uşaqları nəzarətsiz buraxmaq olmaz.

"Çimərliyə getdiyiniz zaman özünüzlə kiçik qayıq və ya hava şarı aparmayın. Dənizdə sahildən uzaqlaşmamaq üçün nəzərdə tutulmuş təhlükəsizlik şarlarını keçmək qadağandır. Dənizdə üzə bilən şəxs belə dərinə getməməli, üzə bilməyən isə sinəyə qədər suya girməlidir. Dənizə girməmişdən öncə suya baxmaq lazımdır. Ola bilsin su axınları olsun. Bunu müəyyən etmək çətin deyil. Belə ki, dəniz suyu adi halda mavi, açıq göy olur. Su axınları olan hissə isə bir xətt boyunca ağ rəngdə olur, sanki köpük əmələ gəlir və batır. Bu halda suya girmək olmaz. Axına düşən şəxs isə panikaya qapılmamalıdır. Sadəcə sahilə paralel üzməklə axından çıxa bilər. Yaddan çıxarmayın ki, siz istirahətə gəlmisiniz və çimərlik yarış meydançası deyil. Dəniz səhvi bağışlamır", - Nurəliyev deyib.

Ekspert vurğulayıb ki, çimərlikdə təhlükəsizlik qaydalarına riayət olunmasına istirahət mərkəzini idarə edən sahibkarlar da nəzarət etməlidir: "Çünki orada baş verən hər hansı bədbəxt hadisə ilk növbədə həmin yerin imicinə zərər vurur. Eyni zamanda burada insan həyatından söhbət gedir. Bu səbəbdən də istirahət məkanının ödənişli xidmətlərindən istifadə edən şəxsin təhlükəsizliyinə də həmin məkan məsuliyyət daşıyır".

E.Nurəliyevin sözlərinə görə, belə yerlərdə xilasetmə qrupu olmalı və onlar növbəli olaraq çimərliyə nəzarət etməlidir. Qadağanedici şarları keçən olarsa və yaxud özləri ilə hava şarları, katamaran, skuterlər və motorlu su qayıqları gətirib suya salmaq istəyənlər aşkar edərsə, dərhal müdaxilə etməlidir .

Qeyd edək ki, iyunun 15-i çimərlik mövsümü açıldıqdan sonra bir çox ərazilərdə FHN-nin Sularda Xilasetmə Xidmətinin əməkdaşları səhər 9.00-dan 21.00- ə qədər nəzarət edəcəklər. Qurumun əməkdaşları sahilyanı ərazilərdə, həm də sularda öz fəaliyyətlərini həyata keçirəcəklər. Mövsüm başladıqdan sonra çimərliklərdə "Çimmək qadağandır!", "Spirtli içki qəbul etmək olmaz!" və s. lövhələr quraşdırılacaq.