“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb


Digərləri 01 İyn 2019 14:24:54 205 0

“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Agentlikdən Trend-ə verilən məlumata görə, mükafatlandırılma mərasimi çərçivəsində müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm sərgidə nümayiş etdirilib. Mərasimdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Təhsil naziriliyi, Dənizkənarı Bulvar İdarəsi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Mərasimdə bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində məktəblilər arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Məqsəd uşaqların diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək, onlara bu sahənin vacibliyi ilə bağlı biliklər aşılamaq və məktəbliləri sağlam qidalanmağa təşviq etməkdir.