Hamilə qalan yeniyetmələrlə bağlı yeni faktlar


Digərləri 01 İyn 2019 13:28:00 187 0

Hamilə qalan yeniyetmələrlə bağlı yeni faktlar

Azərbaycan hüquqi dövlətdir, lakin qadağan olunmuş adət-ənənələr burada bəzən qanundan üstün sayılır. Qanunla qadağan edilməsinə baxmayaraq, bəzi azərbaycanlılar nikah yaşına çatmayan qızlarını ərə verirlər.

Əlbəttə, erkən nikah problemi yeni xəbər deyil, lakin o anlama gəlmir ki, bu barədə danışmaq lazım deyil. Hətta deyərdim ki, erkən nikahlarla bağlı, xüsusilə kütləvi hal alanda həyəcan təbili çalmaq lazımdır.

Ağstafa rayonunda dörd həddi-büluğa çatmamış qızın hamilə qalması xəbəri isə gündəmi əməlli-başlı silkələdi. Mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, həmin qızlar tibbi yardım məqsədilə xəstəxanaya müraciət edib. Onlar bu yaşda analıq sevinci yaşamağa hazırlaşırlar. Hər biri hamiləlik müddətini keçmiş vəziyyətdədirlər. Xəbər rəsmi şəkildə təkzib olunsa da, faktlar başqa şey deyir.

Son.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə məsələ ilə bağlı oxu.az-a danışarkən deyib ki, vəziyyəti araşdırmaq üçün Ağstafaya gedib.

K.Ağazadənin sözlərinə görə, sözügedən qızlar özlərindən 9-13 yaş böyük kişilərə ərə verilib:

"Həddi-buluğa çatmamış qızlar Tatlı, Qırılı və Pirili kəndlərindəndir. Atası onları özlərindən 9-13 yaş böyük olan kişilərə ərə verib. Mən həm hüquq-mühafizə orqanlarının nümayəndələri, həm də qızların qohumları ilə söhbət etdim. Valideynləri təsdiq edir ki, qızlarını 16 yaşında ərə veriblər. Lakin bunun daha tez olduğunu ehtimal etməyə əsas var".

Valideynlərin övladlarının taleyinə münasibəti insanı dəhşətə gətirir. Onlar qızlarından tezliklə xilas olmaq istəyirlər, bununla da rahat nəfəs alacaqlarını güman edirlər. Lakin bir neçə il keçdikdən sonra valideynlər başlarına döyürlər, çünki onların savadsız qızları xoşbəxt deyil, o, ərinin və yaxınlarının yükü altında əzilir. Bu vəziyyətdə isə nəinki özünə, uşağına görə də cavabdeh olmalıdır. Qızlarına bu çətin durumdan çıxmağa heç də bütün valideynlər kömək etməyə hazır deyillər. Və nəticə etibarı ilə ailələr dağılır.

Hüquq müdafiəçisi qeyd edir: "Valideynlərin nə dediyini bilirsiniz? "Onlar uşaq deyillər, çoxdan böyüyüblər".

Yəni sinələri böyüyübsə, deməli, ərə getməyə hazırdır.

Yeri gəlmişkən, valideynlərdən biri kənd bələdiyyəsinin sədridir.

O gizlətmədən deyir: "Biz ənənələrə sadiqik. Qıza papaq atdıq, o da dayana bildi, yıxılmadı".

K.Ağazadənin sözlərinə görə, bir gündə sosial şəbəkələrdə 50-60-a qədər qadın ondan kömək istəyir. Xahiş edirlər ki, onları sığınacaqlarda yerləşdirsinlər.