Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı


Digərləri 01 İyn 2019 12:11:00 247 0

Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 24 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, təhsil naziri Ceyhun Bayramovun "Müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə" əmrində öz əksini tapıb.

Əmrə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı vasitəsilə iyun ayının 1-21 tarixlərində təşkil ediləcək.

Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılması təmin ediləcək.

Peşə təhsili müəssisələrində 2019-2020-ci tədris ilinə ümumtəhsil fənləri üzrə vakant olan vəzifələrə müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahanında uğur qazanmış namizədlərlə müsahibələr Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq.