Prezident İlham Əliyev: "Ölkələrimiz arasında ŞərqQərb və ŞimalCənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var"


Siyasət 31 May 2019 22:12:00 223 0

Prezident İlham Əliyev: "Ölkələrimiz arasında ŞərqQərb və ŞimalCənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var"

Ölkələrimiz arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakıda səfərdə olan Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

"Bu, Sizin ölkəmizə ilk rəsmi səfərinizdir", - deyən dövlətimizin başçısı özünün Polşaya rəsmi səfərlərini xoş təəssüratlarla xatırladığını vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək deyib:

- Bu gün biz ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı apardığımız danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Xalqlarımız arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynadıqlarını əlavə edib. Tarixi münasibətlərimizin müasir dövrdə də əməkdaşlığımızın inkişafı üçün möhkəm təməl yaratdığını deyən dövlətimizin başçısı bir çox sahələrdə uğurlu qarşılıqlı əlaqələrin həyata keçirildiyini vurğulayaraq bildirib:

- Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır.

Prezident İlham Əliyev qeyd edib ki, regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllinin tərəfdarıdır. Prezident İlham Əliyev Polşa tərəfinə münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Sonra Polşa Prezidenti Andjey Duda çıxış edərək deyib:

- Hörmətli cənab Prezident, hörmətli xanımlar və cənablar, əziz dostlar.

Dəvət üçün təşəkkür edirəm. Bugünkü görüşümüz ölkələrimiz və xalqlarımız arasındakı yaxşı münasibətlərin ən bariz təsdiqidir. Baxmayaraq ki, Bakı və Varşavanı 3000 kilometrdən çox məsafə ayırır, amma paytaxtınız hər bir polşalı üçün yaxın bir şəhərdir.

Polşalı Stefan Jeromskinin "Erkən bahar" əsərinin xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayan Polşa Prezidenti Andjey Duda Polşa memarlarının xatirəsinə lövhə açılması, xüsusi poçt markasının buraxılması və Bakının mərkəzi küçələrindən birinin "Polşa memarları" adlandırılmasını onların xatirəsinin yüksək səviyyədə anılması kimi dəyərləndirib və buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib:

- Əlaqələrimizin əsasında hər iki xalqı birləşdirən gözəl bir keçmiş var. İndiki zamana gəlincə isə, deyə bilərəm ki, əlaqələrin gələcəyinə əminəm. Müasir Azərbaycan Polşa tərəfindən regionda iqtisadi lider və Asiya ilə Avropanı birləşdirən körpünün qurulmasında əsas rol oynayan ölkə kimi qəbul edilir.

Avropa İttifaqı ilə əməkdaşlığa toxunan Polşa Prezidenti qeyd edib ki, "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqı ilə əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı platformadır. Andjey Duda bir daha əminliklə bəyan edib ki, Polşa hər zaman ərazi bütövlüyü beynəlxalq hüquqla təmin olunan suveren Azərbaycanın tərəfində olacaq.