Yaponiyalı mütəxəssis Olimpiya Oyunları ilə bağlı saxtakarlıqlarla bağlı xəbərdarlıq edib


Digərləri 31 May 2019 21:32:00 273 0

Yaponiyalı mütəxəssis Olimpiya Oyunları ilə bağlı saxtakarlıqlarla bağlı xəbərdarlıq edib

Yaponiyalı mütəxəssis Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin adına oxşayan domen adlarından istifadə edərək internetdə saxtakarlıqlara əl atan saytlarla bağlı xəbərdarlıq edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən Vaseda Universitetinin professoru Tatsuya Mori özündə "tokyo", "2020" və "olimpia" sözlərini əks etdirən 950-dən çox domen olduğunu bildirib. Qeyd edək ki, Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin rəsmi saytının domeni "tokyo2020.org" dur.

Bu domenlərin bir çoxu turist şirkətləri tərəfindən istifadə edilir. Lakin 22 dəfə bu domen adlarından kompüter viruslarının yayılması məqsədilə istifadə olunduğu müəyyən edilib. Həmin domenlərin əksəriyyətindən hazırda istifadə olunmur.

Belə domenlərin qeydiyyatına altı il əvvəl, Tokio 2020-ci il Oyunlarının tenderini qazandıqdan sonra başlanıb. Eyni zamanda, mayın 9-da biletlərin satışı üzrə rəsmi sayt müraciətləri qəbul etməyə başladıqdan sonra azı üç belə domen adı qeydiyyata alınıb. Həmin domenlər Yaponiyada və xaricdə yerləşən təşkilatlar tərəfindən idarə edilir. Domen adlarını brokerlər vasitəsilə əldə etmək olar.