Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir


Digərləri 31 May 2019 21:10:37 176 0

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir

Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakı. Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı, sülh və firavanlıq diləklərimi qəbul edin. Bu əlamətdar tarix Sizin ölkənizin qazandığı hərtərəfli uğurları, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun inamla yüksəlməsini qeyd etmək üçün xoş bir fürsətdir. Əminəm ki, dövlətlərarası konstruktiv dialoqun inkişafı və birgə layihələrin ardıcıl reallaşdırılması ikitərəfli əlaqələrimizi zənginləşdirəcək və qarşılıqlı faydalı Moldova-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün yeni perspektivlər açacaq. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının firavanlığı naminə yeni nailiyyətlər diləyir, Zati-alinizə böyük ehtiramıma əmin olmağınızı xahiş edirəm". XXX Pakistan Prezidenti Arif Alvidən: "Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Pakistan hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram. Qardaş Azərbaycan xalqı ilə birlikdə Pakistan xalqı da bu əlamətdar bayramı qeyd edir. Ölkələrimiz arasında daim inkişaf edən əməkdaşlığın səviyyəsini böyük məmnunluq hissi ilə qeyd edirəm. Cammu və Kəşmir, eləcə də Dağlıq Qarabağ münaqişələrində ölkələrimizin bir-birinə verdiyi dəstək dövlətlərimizi birləşdirən güclü qardaşlıq münasibətlərinin təcəssümüdür. Qardaş xalqlarımızın mənafeləri naminə əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində Zati-alinizlə sıx əməkdaşlıq etmək əzmindəyəm. Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". XXX Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb: "Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan xalqının rifahı naminə işinizdə Sizə uğurlar, möhkəm cansağlığı və firavanlıq arzu edirəm. Fürsətdən istifadə edib, Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafelərinin müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin