Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib


Digərləri 31 May 2019 18:44:44 414 0

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib.

Bakı. Samir Əli - Mayın 31-də Bakıda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, konfransda Milli Məclisin deputatları, hüquqşünas-alimlər, hakimlər, vəkillər, xarici ölkələrin səfirliklərinin, o cümlədən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransı açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti, Fərmanda qeyd olunan göstəriş və tövsiyələrin icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxış edərək qeyd olunan Fərmanın Vəkillər Kollegiyası üçün əhəmiyyəti, vəkillərin məhkəmə-hüquq islahatlarındakı rolu, islahatların həyata keçirilməsi istiqamətində görülməli tədbirlərin zəruriliyi barədə danışıb. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanının ədalət mühakiməsi üçün verdiyi töhfə, son dövrlər ölkədə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində görülən işlər, Bakı şəhərində və regionlarda əhalinin keyfiyyətli hüquqi yardıma çatımlılığının təmin olunması üzrə aparılan islahatlar barədə məlumat verib. Konfransda Baş prokurorun müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Namiq Əsgərov çıxış edərək vəkil-prokuror münasibətləri, son dövrlərdə bu münasibətlərin inkişafı və ədalət mühakiməsinin həyata keçirilməsi baxımından əhəmiyyəti barədə fikirlərini bölüşüb. Tədbirin növbəti hissəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkilliyin məhkəmə-hüquq islahatlarında yeri və rolu” mövzusunda çıxış edib. Kollegiyanın sədri bildirib ki, Vəkillər Kollegiyası tərəfindən son dövrlərdə vəkilliyin inkişafı və nüfuzunun artırılması, maddi-texniki təminatının, o cümlədən vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilib. Buna baxmayaraq, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Daha sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov “Hakim-vəkil münasibətlərinin deontoloji aspektləri” mövzusunda çıxış edərək qeyd edib ki, məhkəmə-hüquq islahatlarında hakim-vəkil münasibətlərinin xüsusi rolu var və bu baxımdan, qeyri-prosessual münasibətlərin yolverilməzliyi əhəmiyyət kəsb edir. O bildirib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında bu barədə müddəaya yer verilməsi də dövlətin bu sahəyə önəminin bariz nümunəsidir. Konfransda, həmçinin Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov məlum Fərmanın təhlili ilə bağlı çıxış edib. Konfransın ikinci hissəsində Vəkillərin İntizam Komissiyasının sədri, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədovun “Vəkillərin etik davranışı və qeyri-prosessual münasibətlərə qarşı preventiv tədbirlər” mövzusunda mühazirəsi dinlənilib. Bundan başqa, tədbirdə Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı üzrə Vəkillər Kollegiyası tərəfindən formalaşdırılmış cinayət hüququ, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə mülki hüquq üzrə işçi qrupun məruzəsi ilə çıxış ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin